Azərbaycan deputatlarından AŞ PA-nın Türkiyə ilə bağlı qərarına REAKSİYA

2 May 2017 14:39 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyəni yenidən monitorinq altına alması ilə bağlı qərarını tənqid edib və bunu ikili standartların təzahürü kimi dəyərləndiriblər.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, deputat Azay Quliyev bildirib ki, AŞ PA-nın Türkiyəyə qarşı bu qərarı hər hansı ciddi arqumentə söykənmir və subyektiv bir qərardır:

"AŞ PA Türkiyədə dövlət çevrilişinə cəhdi qınamadı, bu məsələyə laqeyid yanaşdı. Türkiyənin 1949-cu ildən bəri üzv olduğu bir qurumun belə qərar qəbul etməsi çox üzücüzdür. AŞ PA-nın qərarında deyilir ki, "niyə Türkiyə FETO-çularlı təmizləyir?!", "Türkiyədə referendum fövqəladə vəziyyətdə keçirilib". Hər bir ölkə terorizmə qarşı mübarizə aparır və bu addımı atardı. Ötən il Fransada da terror hadisəsi səbəbindən fövqəladə hal elan olundu və bu gün Fransada da seçkilər fövqəladə vəziyyətdə keçirilir. Niyə Fransaya qarşı belə qərar qəbul edilmir?! Məlumdur ki, bəzi qüvvələr Türkiyədən uğursuz dövlət çevrilişinin qisasını çıxırlar".

Deputat Qənirə Paşayeva AŞ PA-nın belə bir qərar qəbul etməsinə təəssüfləndiyini qeyd edib. Onun sözlərinə görə, bu qərar bir daha müsəlman ölkələrinə qarşı ikili standartların mövcud olduğunu ortaya qoydu: "Bunu Azərbaycan olaraq hər zaman biz də yaşayırıq. AŞ PA-nın prinsiplərinə görə, quruma üzv olan bir ölkə digər üzv ölkənin ərazisini işğal edə bilməz, lakin Ermənistan illərdir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır, ancaq AŞ PA ermənistana heç bir təzyiq göstərmir. İndi də Türkiyəyə qarşı bu qərəzli yanaşmanı qınayırıq. İnsanlar bilməlidir ki, bu təşkilatda ikili standartlar höküm sürür".

Deputat Zahir Oruc da AŞ PA-nın qərarının qərəzli olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu qərar qardaş ölkəni nəzarət altına almaq, Türkiyənin müstəqil siyasətini əngəlləmək məqsədi daşıyır: "AŞ PA özünü hər hansı qüvvələrin əlində bir alət kimi aparır, az qala özünü məhkəmə orqanına çevirib. Azərbaycan çox haqlı olaraq bu məsələdə Türkiyə ilə birlikdədir. Çünki AŞPA-da Azərbaycanın əleyhinə olan dairələr də var".

Deputat Çingiz Qənizadə isə bildirib ki, AŞ PA-nın bu qərarı olduqca bubyektiv bir qərardır və biz bu qərara yox deyirik: "Bu qərar islamafob dairələrin və Türkiyədə uğurlu islahatları gözü götürməyən qüvvələrin maraq dairəsibndədir. Bütün bunlar Türkiyədə referendumun nəticələrini başqa cür arzu edən qüvvələrin ikinci cəbhəsidir. Təbii ki, onları güclü müsəlman dövlətini görmək istəmirlər. Nəzərə alsaq ki, Türkiyə 1949-cu ildən Avropa Şurasının üzvüdür, bu qərar başa düşülən deyil".

Deputat Siyavuş Novruzov deyib ki, AŞ PA-nın bu qərarında təəccüblü heç nə yoxdur: "Biz dəfələrlə Avropa təşkilatlarının bizə qarşı ədalətsiz qərarlarının şahidi olmuşuq və bu da növbəti ədalətsiz mövqedir. Türkiyənin daxili işlərinə qarışırlar. Seçkilərdə səslərdə fərq çox olur deyirlər ki, anti-demokratik keçirilib, fərq az olur, deyirlər niyə belədir?! Avropa bu cür yanaşma tərzi ilə hara gedir?!".

Digər deputatlar da AŞ PA-nın qərarını pisləyib və bu qərarın Türkiyənin inkişafını ləngitmək istəyən dairələrin mövqeyi olduğunu vurğulayıblar.

Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.