Azərbaycan və Türkiyə hərbçiləri Ermənistanı qorxuya saldı

3 May 2017 08:00 (UTC+04:00)

Azərbaycan və Türkiyə arşında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərinə start verilib. Mayın 5-dək davam edəcək təlimlər Azərbaycanda keçirilir. Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir. 

İki qardaş ölkənin real döyüş ruhuna uyğun təlimlərə başlaması düşmən Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib. Yalnız arxasındakı hamilərinin hesabına “guruldamağa” adət etmiş erməni ekspertlər qulaqlarının dibində baş verən gurultudan dəhşətə gəlirlər. Erməni politoloq Aleksandr Kananyan Türkiyə-Azərbaycan hərbi təlimləri ilə bağlı bildirib ki, hərbi təlimlərdə Türkiyənin iştirakı Ermənistan üçün ciddi təhlükələrdən xəbər verir: “Türkiyə və Azərbaycan qlobal planda birgə regional siyasət aparan ölkələrdir. Ermənistan tərəfi bu təlimlərə xüsusi diqqət ayırmalı, döyüş hazırlığını gücləndirməlidir. Çünki belə təlimlər bir çox halda müharibənin müqəddiməsi olur. Türkiyə və Azərbaycanın orduları güclüdür, onlarla müqayisədə Ermənistan zəifdir. Buna görə də dalana dirənmiş Qarabağ danışıqları fonunda hər an nəsə baş verə bilər”. 
Məsəl var, deyir, “soğan yeməmisənsə, için niyə göynəyir”. İndi bu ermənilərdən soruşmaq lazımdır ki, niyə qonşularına qarşı işğalçılıq siyasəti aparıb, onun dövlətçiliyinə zərbə vurursan ki, silahlar da dilə gələndə başına-gözünə döyəsən?! Amma İrəvanda bu haqda düşünməyə intellekt səviyyə çatmır. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın özünü «prezidentin mətbuat katibi» adlandıran David Babayan adlı birisi isə məsələyə beynəlxalq qurumların diqqətini cəlb etmək istəyir: “Düşünmürəm ki, bu təlimlər Rusiya, İran və NATO-nun maraqlarına cavab versin”. Bu səlahiyyətsiz mətbuat katibi yəqin ki, Azərbaycan torpaqlarında yaşayıb bu ölkəyə qarşı düşmənçilik elədiklərinin fərqinə vara bilmir. Azərbaycanın daxili işinin Rusiya, İran yaxud NATO-ya nə dəxli? 
Ermənilərin təlaşa düşmələrinin başlıca səbəbi odur ki, Azərbaycan Ordusunun güclü olduğunu özləri də, hamiləri də yaxşı bilirlər. Bu günlərdə beynəlxalq “Global Firepower” təşkilatının açıqladığı dünyanın ən güclü silahlı qüvvələrinin reytinq cədvəli reallığı ortaya qoyub. Azərbaycan 59-cu, Ermənistan isə 95-ci yerdədir. Üstəlik, təlimlər başladığı ərəfədə Rusiyadan, Ermənistanın, müstəqim mənada, ağası və sponsoru olan ölkədən Azərbaycana xeyli sayda yeni silahlar göndərilib. Sadəcə, Azərbaycan bu ölkədən qarşılıqlı razılıq əsasında öz pulu ilə aldığı hərbi texnika ilə silahlı qüvvələrinin arsenalını gücləndirib. Bu məsələ həmişə İrəvanda zəlzələ effekti yaradır. Birincisi, Azərbaycanın öz vəsaiti ilə aldığı, Ermənistanın isə Rusiyanın ianə şəklində verdiyi silahlarla gücünü artırması, ikincisi, məhz Rusiyadan, ermənilərin güvənc yerindən elə ermənilərə qarşı istifadə olunacaq silahların Azərbaycana satılması. Belə bir düyündə Ermənistanın hakimiyyəti də, əsgəri də çıxılmaz vəziyyətə düşür və qorxur. 
Ötən ilin aprel döyüşlərindən söz düşəndə hələ də düşmən tərəf deməyə söz tapmır. Üstündən bir ildən də çox vaxt keçməsinə baxmayaraq döyüşlər zamanı məhv edilən erməni əsgərlərinin sayı ictimaiyyətdən gizlədilir. Amma əhalinin bu haqda xəbəri var. Bu isə Azərbaycan Ordusunun gücü qarşısında erməniləri qorxuya salan daha bir elementdir. Çünki, yeni döyüşlərin daha çox itkiyə səbəb olacaqlarını anlayırlar. 
Serj Sarkisyan guruhu isə erməni xalqını aldatmaqda davam edir. Pafoslu ibarələrlə verdikləri vədi yerinə yetirə bilməyən siyasi yetkililər ölkədəki Rusiya hərbi bazalarının sanki özlərinindir deyə lovğalanmaqla gücsüzlüklərini gizləməyə çalışırlar. Görəsən, onlar bu imitasiyanı nə vaxta qədər davam etdirəcəklər? Azərbaycan Ordusu təlimlərini getdikcə ön cəbhəyə yaxınlaşdırır və bir gün bu cəbhəni yarmaq artıq hamının zənn etdiyi kimi an məsələsidir.
N.NOVRUZ