Avropa ölkələrindəki islamofobiya daha təhlükəli məcraya qədəm qoyur

3 May 2017 09:00 (UTC+04:00)

İsveçin paytaxtı Stokholmun şimalında 3500 kvadratmetr ərazisi olan şiə məscidində yanğın baş verib. Yanğın qəsdən törədilib. Bu günlərdə analoji hal Almaniyada qeydə alınıb. Buna qədər isə onlarca belə fakt var. Bunun cinayət olduğu məlumdur. Ancaq məlum olmayan məqamlar da mövcuddur. Məsələn, qəribədir ki, bu cür cinayətləri törədənlər tapılıb qanun üzrə cəzalandırılmır. Axı, qanunvericilikdə dini məbədlərə ziyan vurulmasına görə cəzanın təsbit edilməsi hələ hərəkət demək deyil. Əgər qanun işləmirsə, onda onun mövcudluğunun nə mənası var?! 

Bu yaxınlarda İngiltərədə məscidlərin tikilməsi barədə də Qərb mətbuatında həyəcanlı informasiyalar yayılmışdı. Halbuki belə bir fakta görə hay-küy qaldırmaq tamamilə yersizdir. Çünki, məscidlərin tikilməsi cəmiyyətin daxili inkişafından irəli gələn təmayülün nəticəsidir, daha heç kim əlində silah “səlib yürüşlərinə” çıxıb zorla ibadət evi tikdirmir. Avropada məscidlərə qarşı bu cür münasibət sərgiləmək onu deməyə əsas verir ki, baş verən hallar təsadüfi, yaxud xırda xuliqanlıq hadisəsi deyil. Əksinə, məqsədyönlü şəkildə həyata keçirilən ayrı-seçkilik siyasətidir. 
Avropa ölkələrində müsəlmanların sayı sürətlə artır. Bunun bir neçə səbəbi var. Birincisi, təbii miqrasiya nəticəsində Avropada məskunlaşmış müsəlman ailələrinin demoqrafik proseslərdə fəal iştirak etməsi. İkincisi, İslam dininin mükəmməl humanist xarakterindən irəli gələn özünüinkişaf xarakterindən, başqa sözlə, yerli əhali arasından müsəlmançılığı təqdir edib qəbul edənlərin sayı artır. Üçüncü amil isə inkişaf etmiş Qərb ölkələrinin geostrateji maraqları çərçivəsində İslam ölkələrində törətdikləri müharibələr və qırğınlar nəticəsində həmin ölkələrdən Qərbə mühacir axınının güclənməsidir. 
İndi Qərbdə yeni dəb düşüb. Bizlərdə uşağı xortdanla qorxutduqları kimi Qərb ölkələrində də müsəlmançılıq əleyhinə danışmaqla cəmiyətdə gərginlik yaradıb daxili siyasətdə situasiyadan istifadə edirlər. Məsələn, seçkilərdə qalib gəlmək eşqini siyasi partiyalar müsəlmanlar əleyhinə təşviqat aparmaqla stimullaşdırmağa çalışırlar. Lakin əhalini deyilən sözə inandırmaq üçün fakt lazımdır. Bu da hakim qüvvələr üçün problem deyil. Yerli əhalinin maşınlarını yandırıb müsəlman gənclərinin üzərinə yıxmaq elə də güclü xərc tələb etmir. Amma əvəzində yerli əhalinin təhlükəsizliyini qorumaq adı ilə xüsusi seçki proqramının hazırlanması üçün əldə əsas yaranır. Qərbdə dəbə minən bu tip tendensiyalar son nəticədə elə həmin qərb dövlətinin başağrısına çevrilir. Əhalini içərisində müsəlmanlara nifrət aşılanır. Dünyagörüşü zəif olan insanlar bəzən bu hissini kimisə öldürməklə aradan qaldırmağa çalışır. Bu minvalla terrorçular meydana gəlir, sonra onlar bir təşkilatda birləşməyə meyillənirlər. Belə olan təqdirdə ölkənin İslam inanclı əhalisi hüquqlarını qorumağa qalxır. Cəmiyyətdə bir-birinə barışmazlıq nümayiş etdirən yeni qüvvələrin meydana gəlməsi siyasi həyatı çətinləşdirir, cinayət hallarının artmasına səbəb olur. 
İnkişaf etmiş ölkələrin ambisiyaları o qədər yüksəkdir ki, onlar baş verən olaylardan düzgün nəticə çıxarıb yanlış yoldan uzaqlaşmaq əvəzinə vəziyyəti daha da ekstremallaşdırmağa yönəlirlər. Ancaq, əksər hallarda Qərbin planları boşa çıxır. Var-dövlət, hərbi texnika, siyasi texnologiyalar bəşəriyyətin inkişafını saxlaya bilmir. İslam dininin bütün dünyada yayılması, müsəlman  dövlətlərində baş verən proseslər ümumi inkişafın tərkib hissəsidir. Bunun qarşısını süni maniələrlə saxlamaq nəticə verməyəcək. Ən yaxşı yol müasirliyin təntənəsi olan multikultural, multikonfessial dəyərlərin inkişafına yardım etməkdir. Əks halda, sirkə nə qədər turş olsa öz qabını çatladar.
N.NOVRUZ