DİN rəsmisi: "Media törədilmiş cinayətləri geniş şəkildə, şou yaratmaqla işıqlandırır"

3 May 2017 11:16 (UTC+04:00)

 "Media orqanları baş verən ailə-məişət zəminində törədilmiş cinayətləri geniş şəkildə, şou yaratmaqla işıqlandırırlar. "Üzərində 12 bıçaq zərbəsi", "paltarı cırılmışdı" və sair kimi məqamları göstərməklə şou yaradılır ki, bu hallar da məişət zorakılığının təbliğinə xidmət edir".

Movqe.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin  Baş İçtimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş ispektoru  Əkbər Əkbərov Bakıda  “Gender problemləri və media” mövzusunda keçirilən seminarda deyib. "Qadınlara qarşı törədilmiş cinayətlər və onların mətbuatda işıqlandırılması" ilə bağlı çıxışında Ə.Əkbərov bildirib ki, jurnalistlər ailədaxili münaqişələrin işıqlandırılması zamanı konfedensiallığı qorumalıdırlar. O, bildirib ki, bu cür münaqişələrin işıqlandırılmasında bəzi media orqanlarında problemlər var: “Ailədaxili münaqişələrin gizli məqmalarının işıqlandırılması yolverilməzdir. Biz daha müsbət obrazları işıqlandırmalıyıq. Cəmiyyətdə mənfi rəyə köklənməməliyik. Ölkədə 300-dən artıq internet-media resursu fəaliyyət göstərir. İnterenet media inkişaf etdikcə, həm də problemlər yaranır. Bəzi xəbər saytları neqativ xəbərlərə üstünlük verməklə mənfi rəy formalaşdırmağa  çalışırlar. Bu kimi halların qarşısını almaq üçün bizim medianın dəstəyinə ehtiyacımız var. Baş vermiş zorakılıq hadisələri ilə əlaqədar daxili işlər orqanlarında mətbuat xidməti hadisələr haqqında çox qısa məlumat verir. Media orqanları isə isə bu hadisələri tam təfərrüatı ilə, geniş şəkildə işıqlanadırmaqla məişət zorakılığının təbliğinə xidmət edirlər".

Zülfiyyə QULUYEVA