Prezident İlham Əliyevin sədrliyi ilə Bakı Biznes Mərkəzində konfrans keçirilir

12 Fevral 2013 11:32 (UTC+04:00)

Prezident İlham Əliyevin sədrliyi ilə Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilir. Dövlət başçısı mərkəzdə 2003-2012-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri əks etdirən sərgi ilə tanış olub. Sərgidə 2003-2012-ci illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın ayrı-ayrı sahələri - sənaye, infrastruktur, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya və s. sahələr üzrə iqtisadi inkişafı əks etdirən göstəricilər yerləşdirilib.

Bildirilib ki, 2003-2012-ci illərdə ümumi daxili məhsul üç dəfə, qeyri-neft sektorunda 2,4 dəfə, orta aylıq əmək haqqı 5,1 dəfə artıb. Bu dövrdə ölkənin strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard ABŞ dolları təşkil edib. Prezident İlham Əliyev konfransı giriş nitqi ilə açıb.