Əli Əhmədov: Azərbaycanın 2 bölgəsində icbari tibbi sığortanın nəticələri çox ümidvericidir

3 May 2017 13:22 (UTC+04:00)

İcbari tibbi sığorta sisteminin həyata keçirilməsi məqsədilə Azərbaycanın iki bölgəsində reallaşdırılan pilot layihələrin nəticələri çox ümidvericidir.

Movqe.az-ın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə deyib.

Pilot layihələrin bu il fevralın 1-də icra edilməyə başlanıldığını xatırladan Ə.Əhmədov qeyd edib ki, artıq vətəndaşlarda icbari tibbi sığorta sisteminə inam yaranıb:

"Bu gün deyə biləcəyimiz həqiqət ondan ibarətdir ki, təklif olunan model əsasında icbari tibbi sığorta sahəsində atılan ilkin addımlar uğurlu olub. Artıq vətəndaşlar bu layihəyə inamla yanaşırlar. Apardığımız müşahidələr nəticəsində əldə etdiyimiz məlumatlar bundan ibarətdir ki, insanlar xəstəxanalarda kifayət qədər yaxşı müalicə oluna bilirlər. Vaxtı ilə xəstəxanaya gələ bilməyən insanlar da bu gün səhiyyə müəssisələrinə, həkimlərə müraciət edə bilirlər. Onlara ixtisaslı həkimlər tərəfindən səriştəli yardımlar göstərilir. Həmin yerlərdə yardımların göstərilməsi mümkün olmadıqda Gəncədə, yaxud Bakıda müəyyənləşdirilmiş səhiyyə müəssisəsində ehtiyacı olan vətəndaşlara icbari tibbi sığorta əsasında kömək göstərilir".

Ə.Əhmədov qeyd edib ki, pilot layihənin bir il ərzində həyata keçirilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, əldə edilən təcrübə sistemin daha çox rayonda və bütövlükdə Azərbaycanın hər bir güşəsində tədbiqinə imkan verək:

"İnanıram ki, bu layihənin icrası zamanı hər hansı bir çatışmazlıq ortaya çıxdığı zaman onun aradan qaldırmaq imkanımız olacaq. Bu da imkan verəcək ki, ölkə üzrə icbari tibbi sığortaya keçilən zaman problemlər və çətinliklər olmasın".