Şimali Koreya nüvə sınağı keçirdi

12 Fevral 2013 12:55 (UTC+04:00)
Şimali Koreya sayca 3-cü nüvə sınağını həyata keçirdiyini bəyan edib. "Reuters" agentliyinin Cənubi Koreya kütləvi-informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, Pxenyan bu barədə ABŞ və Çini məlumatlandırıb.
Cənubi Koreya da nüvə sınağını xatırladan partlayış səsinin eşidildiyini təsdiqləyib. Cənubi Koreyanın Müdafiə Nazirliyi nüvə partlayışının gücünün 6-7 kiloton ola biləcəyini bildirib.
ABŞ Geoloji Xidmətinin Şimali Koreyada nüvə sınağı poliqonu yaxınlığında Rixter cədvəli ilə 4,9 bal gücündə zəlzələ qeydə alması da bu faktı təsdiqləyir.
Cənubi Koreya BMT-nin Təhlükəsizlik Şurasını Şimali Koreyanın nüvə sınağı ilə bağlı fövqəladə iclas keçirməyə çağırıb. İclasın bu gün keçiriləcəyi gözlənilir.
Şimali Koreya bildirib ki, nüvə sınağı 2012-ci il dekabrın 12-də orbitə süni peyk daşıyan raket buraxmasından sonra BMT-nin Təhlükəsizlik Şurasının tətbiq etdiyi sanksiyalara cavab olub.
Bu arada, Yaponiya da Şimali Koreyanın mümkün yeraltı nüvə sınağı ilə əlaqədar bu ölkəyə qarşı yeni sanksiyaların tətbiqini istisna etmədiyini bəyan edib.