Rusiya və Türkiyə erməni terrorizminə qarşı mübarizəyə başlayır?!

5 May 2017 09:00 (UTC+04:00)

Soçidə Rusiya Prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüşdə ikitərəfli məsələlərlə bağlı beynəlxalq və regional problemlər də müzakirə mövzusu olub. İki ölkə liderinin görüşdən sonra keçirdikləri mətbuat konfransında Vladimir Putin deyib ki, qlobal və regional miqyasda beynəlxalq terrorizmə qarşı mübarizədə müdafiə və xüsusi xidmət nazirliklilərinin, həmçinin terror əleyhinə qurumun qarşılıqlı əlaqəsini möhkəmləndirmək qərara alınıb. 

Təbii ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bu işğalın davam etməsi həm də hazırda Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər tərəfindən dövlət terrorizmi sayılır. Qardaş Türkiyə dövlətinin rəhbərliyi həmişə Ermənistanın təcavüzünün aradan qaldırılması üçün ciddi səylər göstərib. Rusiyanın Qafqazdakı nüfuzu və haqqında danışılan münaqişənin qeyri-rəsmi kuratoru adlandırılması onun münaqişənin sülh yolu ilə həllində böyük rola malik olmasını göstərir. Buna görə də Soçi danışıqlarında Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin müzakirəsi mütləq sayılırdı və ehtimal ki, tərəflər bu haqda açıq danışmasalar da problemi diqqətdə saxlayıblar. Yəni, beynəlxalq terrorizmlə mübarizə bu işi də ehtiva edir. 
Soçi görüşünün ən mühüm məqamı artıq Türkiyə kimi qədim və nüfuzlu dövlətin Rusiya kimi nəhəng bir dövlətlə strateji tərəfdaşlıq etməsinin dönməz siyasi kurs olmasının təsbit edilməsidir. Ərdoğandan əvvəl Almaniya federal kanslerinin Rusiyaya səfəri heç bir halda təsadüfi sayıla bilməz. Çünki, Avropa Birliyi özünün səmərəsiz siyasəti sayəsində Türkiyəni itirmək təhlükəsi ilə üzləşib. Və Türkiyə-Rusiya yaxınlaşması qədim qitə mənsublarını həyəcana salıb. Axı, Türkiyə kimi bir dövlətlə yaxınlaşmaq Avropanın Rusiyaya göstərdiyi təzyiqləri önləmək üçün ən yaxşı məlhəmdir. Belə olan təqdirdə Türkiyə malik olduğu nüfuz və imkanlar daxilində Qafqazda baş verən proseslərdən kənarda qala bilməz. Üstəlik, söhbət türk və müsəlman dövlətindən gedirsə, gələcək perspektivdə türk birliyi ideyası durursa, bu tendensiya mütləqdir. Yəni, Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə Qarabağı müzakirə edib. Amma bu haqda məlumat verilməməsi onu göstərir ki, işğalın aradan qaldırılmasında Rusiyanın nüfuzundan və Ermənistana olan hökmündən istifadə etməsi bu ilin söhbəti deyil. Amma prinsipial cəhət odur ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünün qorunması məsələsində Azərbaycan qədər qətiyyətlidir və mövqeyindən heç cür geri çəkilən deyil. Bu isə münaqişənin sülh yolu ilə həlli uğrunda çalışdığını bəyan edən, həqiqətdə isə Azərbaycanı təslimçi müqaviləyə imza atmaq üçün hazırlamaq istəyən Minsk Qrupuna qarşı Azərbaycanın daha böyük və sərt qüvvə ilə mübarizə aparmasına sanballıə yardımdır. Bu gün Türkiyə Azərbaycan ilə birlikdədirsə, sabah neçə-neçə türk və İslam ölkəsinin bu alyansın haqq işini açıq müdafiə edəcəyi labüddür. 
Bu mənada artıq bir neçə dəfə gündəmə gətirilən Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatı dediklərimizə sübutdur. Strateji tərəfdaşlıq bu ölkələrə sanballı siyasi və iqtisadi dividentlər gətirə bilər. Maraqlı burasındadır ki, hər üç ölkınin münasibətlərindəki dinamik artım son nəticədə formatın yaranmasına yönəlib. Bu isə eyni zamanda Qarabağ münaqişəsinin həllindən, başqa sözlə, işğalın aradan qaldırılması ilə regionda sülhün bərpasından və sabitliyin bərqərar olmasından keçir.

N.NOVRUZ