Ziyafət Əsgərov: "Ermənistan Qarabağ münaqişəsini müsəlman-xristian qarşıdurması kimi qələmə verməyə çalışır"

5 May 2017 16:06 (UTC+04:00)

"Təxminən 25 il əvvəl belə fikir irəli sürülmüşdü ki, "soyuq müharibə" başa çatdıqdan sonra dünya ölkələrinin birinci, ikinci, üçüncü ölkələrə bölünməsinin mənası bitib və sivilizasiyaların toqquşması, İslam aləmi ilə Qərb dünyasının toqquşması qaçılmaz olacaq".
 
Movqe.az-ın məlumatına görə, bu sözləri IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu" mövzusunda paneldə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
 
Z. Əsgərov bildirib ki, ortaya çıxan problemlər bəşəriyyətin birləşməsinin alternativi olmadığını ortaya qoyur: "Etnik separatizm, terrorizm, epidemiyalar, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər problemlərin həlli birgə fəaliyyət tələb edir. Qloballaşma bir tərəfdən insanlar, xalqlar arasında əlaqələrin qurulmasına, digər tərəfdən, fərqliliklərin, gərginliklərin ortaya çıxmasına səbəb olur. Mədəni körpülərin qurulması vasitəsilə svilizasiyaların bir-birinə yaxınlaşmasına çalışmaq lazımdır. Parlamentlərin bu sahədə mühüm yeri var".
 
Z. Əsgərov Milli Məclisin 180-ə qədər ölkənin parlamenti ilə əlaqə yaratdığını nəzərə çatdırıb: "Mədəniyyətlər xalqların ruhunun ifadəsidir. Svilizasiyaların və mədəniyyətlərin dialoqu bəşəriyyətin məqsədi olmalıdır. Azərbaycan milli, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqlarını müdafiə edən dövlət modelini ortaya qoyur. Mədəniyyətlər, dinlərarası dialoq, multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bununla yanaşı, təəssüf ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları 25 ildir işğal altında saxlayan Ermənistan Azərbaycanla qarşıdurmanı, Dağlıq Qapabağ münaqişəsini müsəlman-xristian qarşıdurması kimi qələmə verməyə çalışır. Məqsəd həm də ölkəmizdə dinlər və millətlər arasında münasibətlərə zərbə vurmaqdır. Bu səylər boşa çıxıb. Azərbaycanda Avropa Oyunları, İslam Həmrəyliyi Oyunlarının keçiriliməsi dünyaya bir töhfədir".