Dünyada yüksək keyfiyyətli Azərbaycan xalçalarına böyük maraq var

5 May 2017 16:09 (UTC+04:00)

Azərbaycanda bu qədim sənətə yeni bir bəfəs verildi. Dövlət qayğısı az qala itməkdə olan bu qədim xalq sənətini yenidən həyata qaytardı. Elə bunun nəticəsidir ki, bir vaxtlar dünyda böyük şöhrət qazanmış Azərbaycan xalçaları yenidən həyata vəsiqə alır. Elə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradovla müsahibəmiz də bu xüsusdadır. 

-Ölkə başçısının sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasının bir ili tamam oldu. Vidadi müəllim, zəhmət olmasa, ötən bir ilin kiçik hesabatını verərdiniz. Bir il müddətində hansı işlər görüldü? 
-“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti bildiyiniz kimi ölkə başçısının 5 may 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. 25 noyabr 2016-cı il tarixli Sərəncamla “Xalçaçı günü” peşə bayramı təsis olunub. Cəmiyyətin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir. Biz bu bir il müddətində yeni filiaların açılması, bu sahənin inkişafı ilə bağlı çox iş görmüşük. Cəmiyyətin ilkin mərhələdə yaradılması nəzərdə tutulan 10 filialından biri – Füzuli rayon filialı Horadiz şəhərində artıq tam gücü ilə fəaliyyət göstərir. 

-Bu qədim xalq sənətinin yaşadılmasında dövlət qayğısı hər zaman aparıcı rol oynayıb. İndi də bu qayğı cənab Prezident tərəfindən davam etdirilir. Dövlətin, xüsusilə ölkə başçısının  xalçaçılığın inkişafına yüksək diqqəti sizə hansı imkanlar açdı? 
- Görülən bütün işlərə, inkişafa məhz ölkə başçısının qayğısı sayəsində nail olmuşuq. 

-Xalçaçılıq sənayesinin inkişafı bu gün priotet məsələlərdəndir. Bunu ölkə başçısı da öz çıxışlarında dəfələrlə vurğulayıb. Xalçaşılıq sənayesinin inkişafında bu gün “Azərxalça” ASC hansı rol oynayır? Hazırda “Azərxalça”nın neçə filialı fəaliyyət göstərir? 
-Qeyd etdiyim kimi, Füzuli rayon filialı Horadiz şəhərində artıq tam gücü ilə fəaliyyət göstərir. 12 noyabr 2016-cı il tarixdə açılışı olmuş bu filialda 150 toxucu, 10 nəfər inzibati-texniki işçi olmaqla Füzuli rayonunun kəndlərindən 160 nəfər çalışır. Burada 43 dəzgahda qədim Azərbaycan çeşniləri əsasında müxtəlif ölçülü 70-ə yaxın xalça toxunur. 

-Təbii ki, hər hansı məhsulu istehsal etmək üçün öncə xammal təminatı olmalıdır. Bu gün xalça istehsalında xammala olan tələbatı yun təsərrüfatını, eləcə də ipəkçiliyi inkişaf etdirməklə nail olmaq mümkündürmü? Ümumiyyətlə,yun kimi vacib xammala tələbatın yerli istehsal hesabına təmini üçün hansı işlər görülməlidir?
- Respublikanın ayrı-ayrı rayonlarında yerləşən qoyunçuluq təsərrüfatlarının yun məhsuldarlığı öyrənilir. Bu ilin may ayından etibarən bir il ərazində 52 rayondan 1000 ton yunun tədarük olunması nəzərdə tutulur. Fabrikdə mövsümi yun və bitki tədarükçülərindən əlavə, 70 nəfər daimi iş yeri ilə təmin ediləcək. Gələcəkdə bu fabrikdə istehsal olunacaq məhsul həm “Azərxalça”nın filiallarında, həm respublikanın digər özəl xalçaçılıq müəssisələrində, həm də ümumilikdə müvafiq sənaye müəssisələrində istifadə ediləcəkdir.
-Xalçada ipliyin boyanması da, keyfiyyətə təsir edən vacib elementlərdəndir. Ölkədə boyaq istehsalı nəzərdə tutulurmu?  
- İqtisadiyyat Nazirliyi ilə birlikdə Sumqayıt Sənaye Parkında 2018-ci ilin sonunadək Əyirici-boyaq Fabrikinin yaradılması istiqamətində işlər görülür. Belə bir müəssisələrin yaradılması Azərbaycan yun və təbii boyaq sənayesinin xarici idxaldan asılılığını aradan qaldıracaq, onun yerli xammal əsasında inkişafını təmin edəcək. Bunun üçün respublikamız həm yun, həm də təbii boyaq maddələrinin hazırlanması üçün kifayət qədər zəngin təbii ehtiyatlara malikdir.
-Toxunan xalçaların yerli və xarici bazarda satışı hazırda necə təşkil olunur? Ümumiyyətlə, xarici bazarda Azərbaycan xalçalarının satışı üçün hansı işlərin görülməsinə ehtiyac  var? 
- Cəmiyyət xalçaçılıq üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla, şirkətlərlə, o cümlədən nüfuzlu nəşrlərlə əlaqələrin genişləndirilməsinə, bununla da Azərbaycan xalçalarının beynəlxalq xalça bazarında mövqeyinin bərpasına və təbliğinə çalışır. 

-Xalça ixracı ölkəyə valyuta gəlişində nə dərəcədə rol oynaya bilər? 

-Biz artıq ilk məhsullarımızı “Azərbaycan brendi” olaraq bu ilin 14-17 yanvar tarixlərində Almaniyanın Hannover şəhərində keçirilmiş ənənəvi DOMOTEX beynəlxalq satış sərgisində təqdim etdik. Bu tədbirdə bir daha yüksək keyfiyyətli Azərbaycan xalçasına olan marağın, diqqətin şahidi olduq. DOMOTEX beynəlxalq sərgisi əl ilə toxunmuş yeni Azərbaycan xalçalarına dünya bazarlarında tələbatın böyük olduğunu və “Azərxalça”nın istehsalı olan məhsulların yaxın gələcəkdə xarici ölkələrə intensiv satış imkanlarının mövcudluğunu göstərdi. Bu ilin 10-13 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək növbəti beynəlxalq xalça sərgisində “Azərxalça” daha geniş çeşidli istehsal nümunələri ilə iştirak edəcəkdir.  
- Elə bölgələrimiz var ki, zəngin xalçaçılıq ənənələrinə malikdir. Hansı ki, həmin rayonlarda tarixən xalçaçılıqla məşğul olublar. “Azərxalça” ASC daha hansı rayonlarda filiallar açmağı planlaşdırır?
-Respublikanın Ağdam, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Tovuz, Ağstafa, Qazax, Şəmkir rayonlarında yerli icra hakimiyyətləri tərəfindən müəyyənləşdirilmiş ərazilərdə “Azərxalça”nın digər filial binalarının tikintisinə başlanılmışdır. Hal-hazırda tikinti-quraşdırma işləri davam etdirilir. Bu günlərdə  Cəmiyyətin daha bir filialı – Şəmkir filialı fəaliyyətə başlayacaq. Hal-hazırda filialın maddi-texniki bazasının yaradılması, həmçinin xalça dəzgahlarının, ləvazimatların hazırlanması, kadrların seçilməsi prosesi başa çatdırılmış, xammal ehtiyatı toplanmışdır.  Burada da Şəmkir rayonundan olan 150 toxucu və 10 nəfər inzibati-texniki işçi daimi iş yeri ilə təmin ediləcək. Ümumiyyətlə, 2017-ci ilin sonunadək – birinci mərhələdə Cəmiyyətin Ağdam, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Tovuz, Ağstafa, Qazax filialları da istifadəyə veriləcək. 2018-2019-cu illərdə - hər ildə respublikanın daha 10 rayonunda filialların yaradılması, bununla da Cəmiyyətin filiallarının ümumi sayının 30-a çatdırılması və 5000-ə yaxın vətəndaşın daimi iş yerləri ilə təminedilməsi nəzərdə tutulmuşdur. “Azərxalça”nın bölgələr üzrə apardığı araşdırmalar, statistik təhlillər göstərir ki, növbəti illərdə xalça istehsalı şəbəkəsinin miqyasını daha da genişləndirmək üçünrespublikamız həm xammal, həm də işçi qüvvəsi baxımından geniş potensial imkanlara malikdir. 
- Xalçaçılıq sənətinin yaşadılması üçün tədris-hazırlıq kursları hazırda fəaliyyət göstərirmi? Gələcəkdə kadr probleminin yaranmaması üçün toxucu hazırlığı davam etdirilməlidirmi? 
- Paralel olaraq rayonlarda “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kursları fəaliyyət göstərir. Dərslər böyük iş təcrübəsinə malik peşəkar xalçaçılar tərəfindən aparılır. Tədris-hazırlıq kursları hanalarla, lazımi avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təchiz edilmişdir. İndiyədək bu kurslarda hazırlıq keçmiş və artıq bu peşəyə tam yiyələnmiş toxucuların sayı 1300 nəfərdən çoxdur. Onlar Cəmiyyətin yerli fiallarında daimi işlə təmin olunacaqlar.Qeyd etmək vacibdir ki, respublikamızın hər rayonunda xalçaçıq sənəti ilə məşğul olmaq istəyənlərin sayı kifayət qədərdir. Və filiallar yaradılarkən hər bir rayonun məhz yerli kadr ponetsialına əsaslanılır.
-Yeri gəlmişkən, bu gün Azərbaycanda fərdi evlərdə yaşı yüz illərə dayanan xalçalar saxlanılır. Belə qədim çeşidlərin axtarılıb üzə çıxarılması, öyrənilməsi istiqamətində hansı işlər görülür? 
- İndiyədək Cəmiyyətdə xalçaçı-rəssamlar tərəfindən Azərbaycan xalçalarının Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qruplarına aid 300-dən çox xalça çeşnisi hazırlanmış və onların bir qismi istehsalatda tətbiq edilmişdir. Dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük veririk.
-  Ölkə başçısının sərəncamı ilə 27 toxucuya  medal və vəsiqələr təqdim olundu. Bunu xalçaçılığın inkişafına əlavə stimul kimi qiymətləndirmək olarmı?
-Əlbəttə, bu, xalçaçılıq sahəsinin inkişafına böyük diqqət qayğıdır. Biz bu qayğıya görə cənab Prezidentimizə minnətdarlığımızı bildiririk.

-Sizi, eləcə də bütün xalçaçıları peşə bayramı münasibəti ilə təbrik edirik.

-Təşəkkür edirəm.

Zülfiyyə QULUYEVA