Dollar yenidən dəyər itirməyə başlayır

9 May 2017 09:40 (UTC+04:00)

Avronu məzənnəsi  Fransadakı seçkilər ilə əlaqədar olaraq 1.10 dollara yaxınlaşıb və dörd həftə ardıcıl bahalaşıb. Bəzi iqtsaidçıların kursun yay aylarında da yüksəlməsinin davam edəcəyini düşünürlər. Belə vəziyyət isə həmin valyutaların manata nisbətdə məzənnəsinə təsirsiz ötüşməyəcək. 

İqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, hərrac keçirilsə də, manat çarpaz kurs olaraq dollara və avroya görə müəyyənləşir: “Yəni, dolların avro qarşısında dəyər itirməsi digər valyutaların manat qarşısında dəyər qazanmasına səbəb ola bilər. Lakin dolların məzənnəsinin stabil qalacağı gözlənilir”. 
Ekspert əlavə etdi ki, Azərbaycannın ixracı əsasən dollarladır: “Ancaq idxalımızda Avropa ilə partnyorluq olsa da, ödənişlərin böyük hissəsi avro yox, dollarla edilir. Bu mənada dolların avro qarşısında dəyər itirməsi işimizə müsbət təsir göstərəcək. Amma dollar çox dəyər itirməyəcək. Həmçinin dolların ucuzlaşması mal və məhsulların qiymətinə dərhal təsir etməyəcək. Bunun üçün bir qədər zaman lazımdır. 
Digər tərəfdən nəzərə alaq ki, neftin qiymətində ucuzlaşma yaşanır. Bu da dollar bazasında Azərbaycanın ixracını azaldan amildir. Lakin neftin və dolların kəskin dəyər itirəcəyi gözlənilən deyil. “Brexit” məsələsindəki nisbi sakitlik, Fransada seçkilər avroya stimul verir. Amma uzunmüddətli perspektivdə avronun dollar qarşısında ciddi dəyər qazanacağı gözlənilmir. İqtisadi fundamental baxımından da ABŞ-ın iqtisadi vəziyyəti Avropanın indiki iqtiasiyyatından daha stabildir. Bu da dolların gücünü qoruyacaq hal kimi görünür”. 
Digər iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, manat avrodan çox dollara bağlıdır: “Əsas ixrac məhsulumuz neftdir ki, bundan da gələn gəlir dollarladır. Azərbaycanın valyuta ehtiyatlarının mütləq əksəriyyəti də dollardır. Buna görə manatın digər valyutalara münsibəti yalnız dolların həmin valyutalara məzənnəsi dəyişəndə dəyişir. 
Yaxın perspektivdə dollar-avro münasibətində elə də ciddi dəyişiklik gözlənilmir. Amma uzunmüddətli dövrdə dolların avroya nisbətən bahalaşma ehtimalı daha çoxdur. Bütövlükdə Avropa Birliyinin iqtisadi problemləri çoxdur. Düzdür,  ABŞ-ın problemləri də var. Amma ABŞ vahid ölkədir, qərarları təkbaşına verir. Avropa Birliyində isə ölkələrin sayı çox olduğuna görə, fikir ayrılığı olur.  Buna görə də, hazırda Avropa Birliyi böhran içindədir. Hələlik böhrandan çıxış yolu görünmür. O baxımdan avro ucuzlaşacaq. Digər tərəfdən ABŞ Federal Ehtiyat Sisteminin uçot dərcəsini artırması ehtimalı var. Hansı ki, bu da dolları yenidən bahalaşdıra bilər. Yəni, dolların manata nisbətən bahalaşmas ehtimalı var. Avronun isə manata nisəbətən ciddi bahalaşması gözlənilmir”.
Mübariz BAYRAMOV