Alpaqut Fedrasiyası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə turnir keçirib

10 May 2017 16:31 (UTC+04:00)

Bakı Şəhər Gənclər və İdman İdarəsi və Alpaqut Federasiyası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətinə həsr olunmuş növbəti turnir keçirib. Movqe.az xəbər verir ki, turnirdə Respublikanın tanınmış ictimai xadimləri, veteran idmançılar, mədəniyyət və incəsənət xadimləri qonaq qismində iştirak ediblər. 

Turnirdə 200-ə yaxın uşaq, yeniyetmə və gənc alpaqutçular iştirak ediblər.
İdman tədbiri Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməklə açıq elan olunub. 
Federasiyanın baş katibi Rafiq Qasımov turnirin hazırlığı ilə bağlı Alpaqut Federasiyasının prezidenti Aqil Acalova raport verib. 
Aqil Acalov turnirdə iştirak edən qonaqları və idmançıları salamlayaraq vurğulayıb ki, artıq Alpaqut Federasiyasının Ulu Öndər Heydər Əliyevə həsr olunmuş turnirləri ənənəvi xarakter alıb. Belə ki, bu gün Azərbaycanda idmanın inkişaf və tərəqqisinin əsasında məhz Heydər Əliyevin yeniyetmə və gənclərin sağlam həyat tərzində formalaşması istiqamətindəki diqqət və qayğısı dayanır.
“Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu dahi Heydər Əliyev hər zaman vurğulayıb ki, güclü və qüdrətli dövlətin bazasını onun sağlam gəncliyi təşkil edir”-deyə qeyd edən Aqil Acalovun sözlərinə görə, məhz bu baxımdan, O, hər zaman  yeniyetmə və gənclərin sağlam bədəndə sağlam ruh konsepsiyasını önə sürərək, Azərbaycanda sağlam düşüncəli gəncliyin formalaşdırılmasına çalışıb: “Bu gün bu siyasət özünü kifayət qədər doğruldub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərimiz tərəfindən əsası qoyulmuş siyasəti layiqincə davam etdirməklə, bütün sahələrlə yanaşı, idman sahəsinin inkişaf və tərəqqisi istiqamətində çox önəmli və tarixi addımlar atıb. Artıq bir çox idman növlərini təmsil edən idmançılarımız Dünya və Avropa çempionatlarında, beynəlxalq Kubok turnirlərində, Olimpiya oyunlarında müqəddəs üçrəngli bayrağımızı qələbə əzmi ilə dalğalandırıblar. Əlbəttə, bizlərin hər biri bu uğur və qələbələrdən şərəf və fəxarət hissi duyuruq, zəfərlərin davamlı olmasını arzulayırıq”.
Aqil Acalov Alpaqut Federasiyasının da öz qarşısında yalnız Azərbaycanın şanlı idman ənənələrinin davam etdirilməsi məqsədi qoyduğunu qeyd edib: “İnanırıq ki, biz öz uğurlarımızı davamlı olaraq əldə edəcəyik və Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Vətənimizin idman inkişafını yaşadacağıq”.
Sonra söz Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisinin müavini Aydın Yusifova verilib.
Aydın Yusifov qeyd edib ki, bu kimi mötəbər turnirin ənənəvi xarakter alması Ulu Öndər Heydər Əliyev ideyalarının yaşadılması və davam etdirilməsidir: “Bakı şəhər Gənclər və İdman İdarəsi Azərbaycan Alpaqut Federasiyası ilə sıx təmaslardadır və hər zaman bu kimi turnirlərin keçirilməsində məmnuniyyətlə tərəfdaşlıq edir. Bu gün, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə keçirilən Respublika turniri də bu silsilənin davamıdır. Mən də öz növbəmdə, yarışlarda iştirak edən idmançılara uğurlar arzulayıram”.
Çıxış edən Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin baş məşqçisi, əməkdar idman ustası Rəsul Məmmədov da öz növbəsində vurğulayıb ki, ənənəvi xarakter alan bu turnir bir daha sübut edir ki, artıq Azərbaycanda Alpaqut  - Turan əlbəyaxa döyüş sənəti kifayət qədər populyarlaşıb. Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ümumrespublika turnirində 200-ə qədər uşaq, yeniyetmə və gənc alpaqutçular iştirak edirlər. Bu, bizim uğurumuzdur”. TREND İnformasiya Agentliyində Baş direktorun korporativ inkişaf üzrə müavini, Qarabağ müharibəsi veteranı Arzu Nağıyev çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə keçirilən turnir təqdirəlayiq bir addımdır və kimi addımın Azərbaycan Alpaqut Federasiyası tərəfindən keçirilməsi yalnız alqışlana bilər. Belə ki, bu günün hər bir idmançısı həm də Azərbaycanın igid, yenilməz əsgəridir. 
Arzu Nağıyev bənzər turnirlərin ictimaiyyətdə əhəmiyyətli olmasını təbliğ etmək üçün media qurumlarının da yaxından iştirakının vacib olduğunu vurğulayıb: “Əlbəttə, biz də öz adımızdan informasiya dəstəyi verməkdən yalnız qürur hissi duya bilərik. Azərbaycan idmanının daim yüksəldilməsində töhfəmizin olması bizim üçün həm də bir şərəf hissidir”. 
Alpaqut Fedrasiyasının İctimai təşkilati məsələlər üzrə Departamentinin rəhbəri Nuranə Şıxəliyeva isə bildirib ki, bənzər tədbirlərin keçirilməsi Azərbaycanda yürüdülən uğurlu gənclər siyasətinin bariz nəticəsidir. Belə ki, Ulu Öndər Heydər Əliyev siyasəti onun layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməkdədir: “Əbəs yerə deyil ki, ölkə rəhbərimiz Cənab İlham Əliyevin Respublikamızda idmanın inkişafı üçün atdığı davamlı müvafiq addımları öz bəhrəsini bu cür möhtəşəm turnirlərin keçirilməsi ilə sübuta yetirmiş olur. Bu baxımdan, yeniyetmə və gənclərimizin sağlam və milli vətənpərvərlik ruhunda tərbiyə almaları Azərbaycan dövlətinin idmanın inkişafına göstərdiyi diqqət və qayğının məntiqi nəticəsi kimi dəyərləndirilə bilər. Alpaqut Federasiyasının bu istiqamətdə göstərdiyi fəaliyyəti turnirlərdə iştirak edən hər bir gəncə və yeniyetməyə stimul verir”.
Çıxışlardan sonra yarışlara start verilib. Yarışlar “Aypara”, “Batur”, “Caymaz” sistemi üzrə keçirilib. Kifayət qədər gərgin mübarizə üsulunda keçirilən turnir maraqla izlənilib. 
“Aypara” sistemi üzrə keçirilən yarışların qalibi Ağdam rayonunun alpaqutçuları olub. 
“Batur” sistemi üzrə yarışlarda isə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançıları qələbə əldə ediblər.
“Caymaz” sistemi üzrə mübarizədə Qaradağ rayonunun alpaqutçuları qələbə sevinci yaşayıblar.
Ulu Öndər Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş turnir qalibləri Alpaqut Federasiyasının prezidenti Aqil Acalov və qonaqlar tərəfindən mükafatlandırılıblar. 
Mükafatlandırılmalardan sonra idman tədbiri bədii hissə ilə davam etdirilib.