Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon iməciliyi keçirilib

10 May 2017 16:50 (UTC+04:00)

Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən tədbirlərin davamı olaraq rayon ərazisində ümumrayon iməciliyi keçirilmişdir. Bu iməclikdə məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olmuşdur.

10 may günündə keçirilən iməcilikdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Həmin gün rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində, Cavadxan, H.Seyidzadə, Ü.Haçıbəyov küçələrində, park və bağlarda 45.000 gül kolu, 500-dən artıq şam və sərv ağacları, 1500 kv.m-dən çox qazon otu vurulmuşdur.

Nəsimi rayonunda son illər genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri həyata keçirilir. Bu tədbirlərdə sakinlər, idarə və təşkilatların nümayəndələri fəallıq nümayiş etdirirlər. Rayonda yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər daim nəzarətdə saxlanılır.