Problemli kreditlər problemi hələ həllini tapmır

11 May 2017 10:19 (UTC+04:00)

Azərbaycanda vaxtı keçmiş kreditləri bu il aprelin 1-nə 1 590,3 milyon manat təşkil edib. Bu, martın 1-i ilə müqayisədə 2,2% çoxdur. Problemli kreditlər ilin əvvəli ilə müqayisədə 8%, son 1 ildə isə 19,9% artıb. Martın sonuna vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 10,2% paya malik olub. Bu nisbət ötən ilin sonunda 9%, ötən il martın sonunda isə 6,7% təşkil edib. İqtisadçılar geriqayıtmayan kreditlərin həcminin artmasını xüsusən devalvasiya ilə əlaqələndirirlər. Lakin digər tərəfdən onu da nəzərə alaq ki, banklar kredit siyasətini sərtləşdirib. 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, iqtisadi proseslərlə əlaqədar kreditlərin qaytarılmasında bir sıra problemlər yaranıb: “Bu da məlum devalvasiya hadisələri ilə bağlıdır. Müştərilər xarici valyuta krediti aldıqları dövrdəki məzənnə əsasında qaytarmağa çalışırlar. Banklar isə kreditləri yeni məzənnə əsasında qaytarılmasını tələb edirlər. Belə bir vəziyyətdə bir sıra müştərilər yeni məzənnə ilə ödənişdən imtina edirlər. 
Digər tərəfdən ödəmə qabiliyyəti çətin olan şəxslər də var ki, onlar krediti heç əvvəlki məzənnə ilə də qaytara bilmirlər. Bu cür müştərilər çoxaldıqca vaxtı keçmiş kreditlərin də həcminin artmasına gətirib çıxarır”.
Ruslan Atakişiyev əlavə etdi ki, problemli kreditlərin həcminin artması bankların risklərini yüksəldir: “Risklərin artması isə bankın likvidliyinə mənfi təsir göstərir. Maliyyə sektorunun inkişafı üzrə yol xəritəsində maliyyə bazarının yenidən qurulması, islahatların həyata keçirilməsi göstərilib. Bu çərçivədə gələcəkdə bir sıra bankların bağlanması və ya onların birləşməsi hallarına rast gələ bilərik. Problemli kreditlərin artması banklarda zəif nöqtələrin çoxalmasına gətirib çıxarır. İndiki vəziyyətdə əmanətlərin bir hissəsinin dollarlaşması, həmçinin bir hissəsinin də bankardan çıxarılması bank sektorunun fəaliyyətinə mənfi təsir göstərir. Bütün bunlar onların gələcəkdə fəaliyyətini sual altına alır”. 
Digər iqtisadçı-ekspert Xalid Mikayılov bildirdi ki, problemli kreditlərin kredit siyasətinin sərtləşdirilməsi fonunda artması əsasən 2 səbəbdən baş verir: “İlk səbəb ümumi iqtisadi vəziyyətlə əlaqədardır. Burada əsas məsələ odur ki, iqtisadi aktivlik aşağı olduğundan kreditə ümumi tələbat azalıb. Hazırkı vəziyyətdə banklar resurslara malik olsalar belə, həm kredit götrmək istəyənlər, həm də kredit təklif oluna biləcək vətəndaşlar və biznes azdır. 
İkinci məsələ odur ki, artıq 2015-ci ildən bu vaxta kimi bankların kredit portfeli sürətlə aşağı düşür. Bütün fəaliyyətini faiz gəlirləri üzərində quran bir bank sektoru üçün bu da çox çətinlik yaradır. Yeni kreditlər verilmədiyindən ümumi portfeldə problemi kreditlərin həcmi artıb. Mərkəzi Bankın 2017-ci ilin yanvar ayına olan məlumatına görə, bankların kredit portfeli son bir illə müqayisədə təxminən 2.4 milyard manat azalıb”.
İqtisadçı bu vəziyyətin bank sektoruna mənfi təsirləri olacağını düşünür: “Xarici investorların bank sektoruna yeni vəsait ayırmaqdan imtina etdiyi və köhnə vəsaitləri də qısa müddətdə çəkdikləri müşahidə edilir. Digər tərəfdən isə Mərkəzi Bankdan da sərt pul siyasətinə görə vəsait cəlb etmək çətindir. Depozitlər isə yüksək dollarlaşma səbəbindən yerləşdirmə çətinliyi yaradır. Çünki devalvasiyadan sonra dollar kreditlərinə tələbat azalıb. Bir sözlə, bank sektorunda durğunluq yaranıb. Bank sektorunda kreditvermənin normallaşması üçün iqtisadi artım bərpa olmalıdır. Çünki iqtisadi artım olsa, iqtisadi aktivlik sabitləşəcək və kreditə, bank xidmətlərinə də tələbat artacaq”.

Mübariz BAYRAMOV