Avtobus sürücülərini izləyən cihazın ən çox qeydə aldığı nöqsanlar açıqlandı

12 May 2017 12:23 (UTC+04:00)

Paytaxda sərnişin daşıyan avtobuslarda ən çox aşkarlanan nöqsanlar sürət həddinin aşılması və dayanacaqdan kənar saxlama ilə bağlı olub. 

 Bu barədə Movqe.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ma­is Ağa­yev məlumat verib. M. Ağayev bildirib ki, bu nöqsanlarla bağlı artıq daşıyıcılara xəbərdarlıq edilib, məlumatlar aidiyyatı quruma göndərilib. M. Ağayevin sözlərinə görə,  GPS sistemindən hansı xətdə neçə avtobusun nöqsana yol verdiyinə dair məlumatı statistik göstərici şəklində də əldə etmək mümkündür: "Sistem mükəmməl işlədiyindən biz daxil olan an hansı xətdə neçə avtobus sürücüsünün nöqsana yol verdiyini görə bilirik. GPS sistemi vasitəsilə avtobusun intervalı, sürəti, saat neçəyə qədər xətdə xidmət etdiklərinə qədər hər bir məqam BNA-nın məlumat bazasına toplanır. M. Ağayev deyib ki, hətta bu sistem hansı daşıyıcının istehsalat bazasının olub-olmadığını da dəqiqləşdirməyə imkan verir: "GPS sistemi vasitəsilə biz avtobusların reysə istehsalat bazasından çıxıb-çıxmadığını da öyrənə bilirik".

Zülfiyyə QULUYEVA