Antimilli ünsürlər

13 May 2017 09:30 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Liderin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə  bildirdi ki, ölkəmizdə fəaliyyət göstərən beşinci kolon və xüsusilə bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar: «Çalışırlar, amma heç nə alınmır. Ancaq özlərini ifşa edirlər. Bir daha göstərirlər ki, onlar Azərbaycan dövlətinin düşmənləridir, bir daha göstərirlər ki, dövlətə nə qədər pis olsa, onlar üçün bir o qədər yaxşıdır. Azərbaycan xalqı o antimilli ünsürləri 1993-cü ildə hakimiyyətdən qovub və bu günə qədər onların əlindən bir şey gəlmir. Xaricdən təlimat alanda fəallaşırlar, təlimat almayanda oturub o təlimatı gözləyirlər. Onların mitinqlərinə, əgər belə demək mümkündürsə, öz qohumlarından başqa heç kim gəlmir. Heç qohumları da gəlmir. Yəni, tamamilə marginallaşıb və bir dəstə zəhər buraxan, özünü müxalifət adlandıran ünsür əlbəttə ki, bizim işimizə təsir göstərə bilməz». 

Yurddaş Partiyasının sədri Mais Səfərlinin fikrincə, şəxsi maraqları dövlət və millətin mənafeyindən üstün tutmalarının nəticəsidir ki, radikal müxalifət xarici qüvvələrin əlində ölkəmizə qarşı alət olmaqda davam edirlər: “Radikal müxalifət dediyimiz siyasi qüvvələr artıq 20 ildən çoxdur ki, müxalifətdə qalmaqda davam edirlər. Onlar bütün səviyyələrdə keçirilən seçkiləri uduza-uduza gəlib bu günə düşüblər. Seçkilərdə məğlub olmalarına səbəb də cəmiyyətə normal mesajlar verə bilməmələrindən qaynaqlanır. 
Əslində, radikal müxalifət normal partiya quruculuğu da apara bilməyib. Yaratdıqları siyasi təşkilatlar da normal siyasi təşkilatlar sayıla bilməz. Çünki orada normal partiya quruculuğu, islahatlar aparılmayıb. Demokratiyadan dəm vuran həmin radikal müxalifət partiyaların özlərində belə demokratik dəyərlərdən əsər-əlamət yoxdur. Normalda partiya sədri bir neçə dəfə seçkilərdə uduzursa, ən azı rəhbərlikdən gedir. Amma onlar 20-25 ildir ki, kresloda oturaraq, həmin kreslonu da özləri üçün bir biznesə çeviriblər. Belə olan halda da onlar ictimai, elektoral dəstəkdən məhrum olurlar. Mövcud vəziyyətdə də yalnız gündəmdə qalmaq, yaşamaq və adlarının hallanması üçün özlərinə sponsor, himayədar aramaqla məşğuldurlar. Təbii ki, bu himayədarlar da Azərbaycanı sevməyən xarici dairələrdən ibarətdirlər. Hesab edirəm ki, məhz gündəmdə qalmaq üçün xaricilərin əlində alətə çevrilməyi özlərinə peşə seçiblər. Bu amil həm də onun nəticəsidir ki, radikal müxalifət  hər an Azərbaycana qarşı başqalarının əlində alət olmağa hazır olan qüvvələrdir. Onlar öz şəxsi maraqlarının təmin olunması naminə vətənlərini, dövlətini, xalqını belə uf demədən satmağa hazırdırlar. Bu qüvvələrin diqqət mərkəzində ancaq və ancaq öz maraqlarının təmin edilməsi dayanır. Vətənpərvər olsaydılar, normal partiya quruculuğu ilə məşğul olub, fəaliyyətlərini Konstitusiya çərçivəsində qurardılar. Amma bunun əksilə məşğuldurlar. Seçkiləri daima uduzsalar da, öz kreslolarını əldən verməyərək, ondan bərk-bərk yapışan radikal müxalifət liderlərindən bundan başqa nə gözləmək olar ki? Onların bütün fəaliyyəti ancaq öz maraqlarının təmin edilməsinə hesablanıb və bu marağın təmin edilməsi üçün hətta şeytanla belə əməkdaşlıq etməyə hazırdırlar”. 
Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov da qeyd etdi ki, şəxsi varlanmaq hərisliyi, dövlət və millətinə bağlı olmamaq radikal müxalifəti sonda gətirib xaricilərin əlində oyuncağa çevirib: “Ölkədə fəaliyyət göstərən və müxtəlif siyasi baxışa malik bütün siyasi qüvvələrin ümdə vəzifəsi dövlətin və xalqın maraqları uğrunda mübarizə aparmaqdan ibarət olmalıdır. Hər bir siyasi qüvvə öz fəaliyyətində ancaq və ancaq dövlət və millətinin maraqlarını üstün tutmalıdır. Amma təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən müxalifətin radikal kəsimi milli və dövlətçilik maraqlarına zidd fəaliyyətdə bulunurlar. Onlar müxalifətdə olduqları ötən illər ərzində bütün fəaliyyətlərini ancaq öz şəxsi maraqlarının təmin edilməsi üzərində qurublar. Azərbaycanı sevməyən, onun inkişafından qorxuya düşən xarici qüvvələr də radikal müxalifətin məhz dövlətə zidd əməllərindən yararlanaraq onlardan öz maraqları naminə istifadə edirlər. Yəni, pul hərisliyi, Vətənə, millətinə bağlı olmamaq və şəxsi maraqları hər şeydən üstün tutmağın nəticəsidir ki, radikal müxalifət hələ də xaricilərin əlində Azərbaycana qarşı alət olmaqda davam edir. Lakin nə qədər bu istiqamətdə çabasalar da, xeyri yoxdur. Azərbaycan xalqı kimin-kim olduğunu artıq gözəl bilir. Xalqımız hansı qüvvənin dövlət və xalqın maraqları naminə, hansıların da ancaq xaricilərin istəyilə oturub-duraraq öz şəxsi mənafeyi üçün çalışdığını gözəl şəkildə ayırd etməyi bacarır. Ona görə də heç bir halda və heç bir zaman radikal müxalifətə dəstək olmurlar. Bütün bunların nəticəsidir ki, bu gün radikal müxalifət olduqca acınacaqlı duruma düşüb. Onların ölkə daxilində dəstəyi sıfır həddinə çatıb”. 
Mübariz BAYRAMOV