Avtobuslarda kart sisteminə keçid bundan sonra mümkün olacaq-Rəsmi açıqlama

15 May 2017 10:53 (UTC+04:00)

Paytaxtda sərnişindaşıyan avtobuslarda kart sistemi avtobus parkı yeniləndikcə tətbiq ediləcək. Bu sözləri Movqe.az-açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə  Əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib. M. Ağayev bildirib ki, hazırda şəhərdaxili 17 marşurut üzrə sərnişin daşıyan avtobuslarda gediş haqqı kartla ödənilir. BNA səlahiyyətlisi paytaxtda sərnişindaşımada istifadə edilən avtobus bazasının təkmilləşdirilməsi işlərinin davam etdiyini, bununla bağlı nəzərdə tutulan tədbrilər planına əsasən, avtobusların utilizasiyasının həyata keçirilməsinin nəzərdə tutulduğunu söyləyib. Onun sözlərinə görə, bununla texniki baxımdan yarasız olan və standartlara cavab verməyən avtobuslar sərnişindaşımadan kənarlaşdırılacaq. Daşıyıcılar avtobus parkını yenilədikcə, digər xətlərdə də gediş haqqının kartla ödənməsi mümkün olacaq: "Bakıda sərnişin avtobuslarının tam olaraq kart sisteminə keçməsinin ləngimə səbəbi avtobusların çoxunun tələblərə uyğun gəlməməsi ilə bağlıdır.Ona görə də biz, sahibkarlar qarşısında şərt qoymuşuq ki, avtobus parkını yeniləsinlər. Amma nəzərə almaq lazımdır ki, sahibkarlar xətdəki bütün avtobusları qısa zamanda yeniləri ilə əvəz edə bilməzlər. Ona görə də BNA daşıyıcılara qarşı liberallıq nümayiş etdirir. Eyni zamanda biz bu məsələni daim diqqətdə saxlayırıq".

Zülfiyyə QULUYEVA