LAYİHƏNİN ADI: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

25 Aprel 2012 15:19 (UTC+04:00)

İsmayıllı rayonu 2011-ci ildə iqtisadiyyatın bütün sahələrində müsbət göstəricilərə imza atıb. Hesabat dövründə rayonda əsas kapitala investisiya qoyuluşu 13 milyon 574 min manat təşkil edib. Vəsaitin 4 milyon 393 min manatı əsas fondlar üzrə istifadəyə verilib. Rayonda əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, vətəndaşların özəl sektora və dövlət işlərinə cəlb edilməsi sahəsində əsaslı işlər görülüb, səylər hər kəsin, hər bir əmək qabiliyyətli vətəndaşın iş yerinin olmasına yönəlib.

Rayon üzrə 2003-cü ildən 2011-ci ilə kimi 4177 yeni iş yeri açılıb və bunun da 263-ü 2011-ci ilin payına düşür. Mövcud daimi iş yerlərinin sayı 2880 olmaqla, bunlardan 1310-u yeni yaradılmış müəssisə və təşkilatlarda, 93-ü fəaliyyəti bərpa olunmuş müəssisələrdə, 204-ü isə mövcud müəssisə və təşkilatlardadır. Son səkkiz ildə fiziki şəxs kimi fəaliyyət növləri ilə məşğul olanların sayı 53-dən 1273-ə çatmışdır. Mövsümi abadlıq işlərinə 1297 nəfər cəlb olunub.

Rayonda 2003-cü ildən bəri kənd və meşə təsərrüfatı üzrə 720, emal sənayesi üzrə 234, tikinti üzrə 225, topdan və pərakəndə ticarət üzrə 161, idarəetmə, sosial müdafiə və təminat vəzifələri üzrə 60, təhsil üzrə 73, kommunal və sosial xidmətlərin göstərilməsi üzrə 34, elektrik, qaz təchizatı xidmətləri üzrə 20, maliyyə, bank və sığorta fəaliyyəti üzrə 64, balıqçılıq üzrə 8, nəqliyyat və rabitə üzrə 3, səhiyyə xidməti üzrə 5 yeni iş yeri açılıb.

2011-ci ildə rayonda sahibkarlığın inkişafı üçün münbit şərait yaradılıb, bu fəaliyyət sahəsinə meyil güclənib. İsmayıllıda iş adamı tərəfindən müasir arxitekturalı çoxmərtəbəli yaşayış binasının, 202 nömrəlik otel kompleksinin, bir neçə böyük ticarət obyektinin, İvanovkada istehsal gücü 18 ton olan çörək zavodunun tikintisi sahibkarlıq fəaliyyətinə gedən yolun uğurlarıdır. İnvestorların cəlbi nəticəsində son bir neçə il ərzində rayonun müxtəlif ərazilərində 10-a yaxın istirahət mərkəzinin fəaliyyətə başlaması da bu sahə üzrə sahibkarlığın rayon üçün perspektivli olduğunu şərtləndirir.

Hacıhətəmli və ətraf kəndlərdə üzümçülük inkişaf etdirilməklə ərazidə istehsal gücü 2 min ton olan "İsmayıllı şərab-2" ASC 2010-cu ildən fəaliyyətə başlayıb. Zavod İtaliya və Fransada istehsal olunmuş müasir avadanlıqlarla təchiz olunub və beynəlxalq standartlara cavab verən on bir adda sertifikatlaşdırılmış şərab istehsal edir. Həmçinin Kürdmaşı kəndində "İsmayıllı şərab-1" ASC-nin illik istehsal gücü 1000 ton olmaqla, hazırda istehsala hazır vəziyyətə gətirilib. Burada 600 tonluq şirə sexi də tikilib.

Rayonda orta və kiçik ticarət yönümlü sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar sayca üstünlük təşkil edir. İsmayıllı şəhərində yaradılmış ticarət mərkəzində belə sahibkarlar fəaliyyət göstərirlər. Vaxtilə rayonda mövcud olan quşçuluq fabriki fəaliyyətini damazlıq istiqamətində formalaşdırmaq üçün burada rekonstruksiya işləri aparılıb, Türkiyə və Çindən lazımi avadanlıqlar gətirilərək quraşdırılıb. Müəssisə 2012-ci ilin aprelindən kütləvi istehsala başlayacaq.

Rayonda broyler quşçuluq təsərrüfatının inkişafı ilə əlaqədar illik istehsal gücü 240 min baş olan "İlkin-3" şirkətinin filialı yaradılıb. Xəlilli kəndində tikintisinə 2010-cu ildən başlanmış tutumu 24 min ton olan taxıl terminalında işlər tam başa çatdırılıb. Cari ilin taxıl biçini mövsümündə terminal öz fəaliyyətinə başlayacaq.

2008-ci ildən sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının "Bir pəncərə" prinsipi ilə təşkili rayonda heyvandarlıq, üzümçülük, meyvəçilik, arıçılıq kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayını xeyli artırıb, göstərilən fəaliyyət sahələrinə meyil güclənib. Bölgənin relyefi, təbii imkanları da bu sahələrin inkişafı üçün əlverişlidir. Rayonda arıçılığa da meyil güclənir, "Arıçılar" birliyi fəaliyyət göstərir. Hazırda 5421 baş arı ailəsi mövcuddur.

İsmayıllıda ənənəvi olaraq xalçaçılıqla məşğul olan bir neçə sahibkar bu fəaliyyət növü ilə məşğuldur. Dövlət tərəfindən aqrar sahəyə verilən dəstək, maliyyə yardımları, yanacağın, mineral gübrənin güzəştli şərtlərlə fermerlərə, kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması məhsuldarlığın artması üçün etibarlı təminat yaradıb. Əhalinin kənd təsərrüfatına, onun müxtəlif sahələrinə olan marağını artırıb. Kənd təsərrüfatı istehsalının təşkili və idarə olunması təkmilləşdikcə əldə olunan nəticələr də yüksəlib.

Hesabat ilində kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcmi 58 milyon 692 min manat, yəni əvvəlki illə müqayisədə 118,8 faiz olub. Rayonda kənd təsərrüfatı iqtisadiyyatının əsasını taxılçılıq və heyvandarlıq təşkil edir. Son 8 ilin nəticələrinə diqqət etsək, görərik ki, rayonda taxıl istehsalı 2010-cu ilə qədər ilbəil yüksəlib, 60 min tondan 72 min tona qədər artım olub. Lakin son iki ildə əlverişsiz hava şəraiti taxıl istehsalını əvvəlki illərlə müqayisədə bir qədər aşağı salıb. 2010-cu ildə 46 min 758 ton, 2011-ci ildə isə bundan 11 min 416 ton çox, yəni 58 min 174 ton taxıl istehsal olunub. Hər hektardan buğda istehsalı üzrə 20,4, arpa istehsalı üzrə isə 19 sentner məhsuldarlıq əldə edilib.

2011-ci ildə rayon üzrə 6242 ton kartof, 7263 ton tərəvəz məhsulları, 7785 ton meyvə istehsal edilib. Keçən ilin yazında 3087 hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli Sərəncamınıza uyğun olaraq ötən ilin iyun ayında 6456 nəfər istehsalçıya becərdikləri 27742,31 hektar əkin sahəsinə görə 1 milyon 109 min manat yardım ödənilib.

Rayonda kənd təsərrüfatının ənənəvi və gəlirli sahəsi olan üzümçülük özünün inkişaf xəttini götürüb, məhsuldar, xəstəlik və zərərvericilərə davamlı sortlarla birlikdə bar verən və cavan üzüm bağlarının sahəsi 848 hektara çatdırılıb, 21 hektar sahədə yeni üzüm bağları salınıb. Həmçinin keçən il bağçılıqla məşğul olan meyvə istehsalçıları 95 hektar sahədə yeni meyvə ağacları əkib, meyvə bağlarının ümumi sahəsi 962 hektara çatdırılıb. Kənd təsərrüfatının texnika, eləcə də, mineral gübrələrlə təminatında, müvafiq Sərəncamınızla yaradılmış "Aqrolizinq" və "Aqroservis"lərin gücündən səmərəli şəkildə istifadə edilir.

Rayonda iri buynuzlu heyvanların baş sayı 51390-a, xırda buynuzlu heyvanlar isə178372 başa çatdırılıb. Donuzların sayı 735 baş təşkil edir. 2011-ci ildə ət istehsalı 5051 tona, süd istehsalı 33709 tona, yun istehsalı 385 tona, yumurta istehsalı isə 7711 min ədədə çatdırılıb. Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, xəstəliklər əleyhinə profilaktiki tədbirlərin həyata keçirilməsi istiqamətində məqsədyönlü iş aparılıb. Brusellyoz, qara yara, "Quş qripi" əleyhinə peyvəndlər aparılıb, monitorinqlər keçirilib.

Rayonda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, mövcud su ehtiyatlarından səmərəli istifadə diqqətdə saxlanılıb. Ötən il Mican və Qalınçaq kəndləri ərazisində 600 ha. sahədə meliorativ tədbirlər həyata keçirilib. Hesabat ili ərzində ekoloji tədbirlərin həyata keçirilməsi, meşələrin mühafizəsi və bərpası, meşə əkini və səpininin aparılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, 12580 ədəd ağac əkilib, 80 hektar sahədə meşə əkini və meşə bərpa işləri aparılıb, 213 min ədəd ting əkində istifadə edilib, 8 km uzunluğunda mühafizə hasarı salınıb.

Ötən il rayonda sosial məsələlərin həllinə xüsusi diqqət yetirilib, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. 2011-ci ildə 1629 ailənin 5351 üzvünə ünvanlı sosial yardım verilib, 612 nəfərə sosial müavinət ödənmişdir. Yeni doğulan uşağa görə 1152 nəfərə 80 min 496 manat müavinət verilib. 241 ailə üzvü olmaqla 153 şəhid ailəsi Prezident təqaüdü alıb. Sosial müavinətlərdən 1128 nəfər 18 yaşa kimi əlillər, 1298 nəfər ümumi səbəbdən əlil olanlar, 157 nəfər ailə başçısını itirənlər, 50 nəfər yaşa görə təqaüddə olanlar, 17 nəfər şəhid ailəsi, 428 nəfər müharibə veteranı, nəfər qəyyumluğu olanlar faydalanıb. Sosial müavinətlər üçün 2011-ci ildə 2 milyon 199 min 839 manat ödəniş aparılıb. Keçən il 36 nəfər Çernobıl əlilinə müalicə xərcləri üçün 5600 manat birdəfəlik yardım edilib.

Rayonda əmək pensiyaçılarının ümumi sayı 13698 nəfərdir. Onlardan yaşa görə pensiya alanlar 8652 nəfər, əlilliyə görə pensiya alanlar 3862 nəfər, ailə başçısını itirməyə görə pensiya alanlar isə 1184 nəfərdir. O cümlədən işləyən pensiyaçılar 1057 nəfər təşkil edir. 2011-ci il ərzində əmək pensiyaçılarına 19 milyon 419 min 530 manat, II Dünya Müharibəsi veteranlarına alman faşizmi üzərində qələbənin 66-cı ildönümü ilə əlaqədar birdəfəlik 138 min 150 manat, digər kateqoriyadan olan təqaüdçülərə isə 294 min 815 manat vəsait ödənilib. 2010-cu il göstəriciləri ilə müqayisədə pensiya ödənişlərinə 3 milyon 881 min manatdan çox, digər müavinət ödənişlərinə isə 95 min 790 manat əlavə vəsait cəlb edilib.

Pensiya və müavinətlər bankomatlardan plastik kartlar vasitəsilə ödənilir. Ödənişin bu cür həyata keçirilməsi əhali tərəfindən çox müsbət qarşılanır, pensiya və müavinətlərin vaxtında ödənişini təmin edir.

Tərlan NƏSİRLİ

Bakı-İsmayıllı-Bakı

(ardı var)

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.