Vüqar Səfərli: "Jurnalistlərə mənzillərin verilməsində Prezident Administrasiyası tərəfindən obyektiv seçim aparılacaq"

16 May 2017 11:22 (UTC+04:00)

Jurnalistlər üçün inşa edilən binada televiziya və radiolarda çalışan jurnalistlərə mənzillərin verilməsinin meyyarları açıqlanıb. Movqe.az-ın məlumatına görə, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə bildirib ki, qaydalarda televiziya və radio yayımçılarına 10 namizəd irəli sürülməsinin əksini tapıb: "Qeyd edim ki, 10 namizədin irəli sürülməsi qaydalarda göstərilsə də, o demək deyil ki, 10 namizədin hamısına mənzil veriləcək".

 KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru,  Vüqar Səfərli isə namizədlərin sayının artırılmasının obyektiv seçim aparılmasına yaradılan bir şərit olduğunu söyləyib. Onun sözlərinə görə, keçən dəfə kütləvi informasiya vasitələrinə həmin KİV-ə veriləcək mənzillərin sayı qədər namizədlərin müəyyənləşdirilməsi səlahiyyəti verilib: "Bu dəfə isə obyektivlik üçün namizədlərin sayı artırılıb. Ancaq bu, o demək deyil ki, KİV-in namizədliyini irəli sürdüyü şəxslərin hamısına mənzil veriləcək. Prezident Administrasiyası tərəfindən obyektiv seçim aparılacaq. Bizim Komissiyanın işi sadəcə, sənədləri toplayıb, Prezident Administrasiyasına təqlim etməkdir". 

Qeyd edək ki, televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilərlər.

Zülfiyyə QULUYEVA