Məcburi köçkünlərin məşğulluq səviyyəsi açıqlanıb

13 Fevral 2013 16:20 (UTC+04:00)
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin məşğulluq səviyyəsi ilə bağlı məlumat açıqlayıb. Komitədən Movqe.az-a verilən məlumata görə, ölkədə məcburi köçkünlərin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər bu gün də davam etdirilir. 2012-ci ilin statistik rəqəmlərinə görə, məcburi köçkünlərin 342096 nəfəri əmək qabiliyyətlidir. Onlardan 129956 nəfəri büdcə təşkilatlarında və digər sahələrdə işlə təmin olunub. 139446 məcburi köçkün isə kənd təssərrüfatı sahəsində əməklə məşğul olur. İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) hesabına da xeyli sayda məcburi köçkün üçün iş yerlərinin açılması həyata keçirilib. SKMF-nin dəstəyi ilə açılan iş yerlərindən 385 nəfər məcburi köçkün yararlanıb. Ötən iln məşğulluq mərkəzləri vasitəsilə 325 nəfər məcburi köçkün işlə təmin olunub. 570 nəfər məcburi köçkün isə işsizlik statusu alıb. 605 məcburi köçkünə işsizlik müavinəti təyin edilib. 139 nəfər ictimai işlərə cəlb olunub. SKMF-nın ayırdığı güzəştli kredit hesabına 874 məcburi köçkünə kredit ayrılıb və bunun hesabına 2000 iş yeri açılıb. Dünya Bankı ilə Azərbaycan arasında bağlanan kredit sazişinə əsasən 588 məcburi köçkünə 1 milyon 700 avro kredit ayrılıb. Bunun hesabına1037 nəfər məcburi köçkün işlə təmin olunub. 
Xatırladaq ki, bu gün Nazirlər Kabineti (NK) büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında qərar verib. qərara əsasən, "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti 2014-cü il yanvarın 1-dək uzadılıb. Qeyd edək ki, qərarın həmin hissəsində Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanlarının büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 2013-ci il yanvarın 1-dək orta əmək haqlarının verilməsini təmin etməsi göstərilib. Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırılıb ki, tabeliyində olan qurumlarda boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Nazirlər Kabinetinə təqdim etsinlər. Qərarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin, məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb. Qərar 2013-cü il yanvarın 1-dən qüvvəyə minib.