Prezident İlham Əliyev: Bütün bu işləri ardıcıllıqla edirik ki, ölkəmiz daha da güclənsin və ölkəmizə daha da çox gəlir gəlsin

18 May 2017 16:18 (UTC+04:00)

Bütün bu işləri ardıcıllıqla edirik ki, ölkəmiz daha da güclənsin və ölkəmizə daha da çox gəlir gəlsin.

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bizim uğurlu inkişafımızın əsas mənbəyi “Əsrin kontraktı”dır və o layihədən əldə olunan gəlirlərdir. Biz gəlirləri uğurla digər sahələrə yönəltdik. Əlbəttə ki, neft-qaz əməliyyatlarının davam etdirilməsi prosesi getmişdir, “Şahdəniz” layihəsi 1996-cı ildən başlayaraq uğurla icra olunur. Hazırda biz digər layihələr üzərində işləyirik. Heydər Əliyev yarımdalma qazma qurğusu çox perspektivli “Abşeron” qaz-kondensat yatağında işləyəcək. Əminəm ki, biz tezliklə - bir neçə ilə “Abşeron” yatağından da yaxşı nəticələr görəcəyik".

İlham Əliyev bildirib ki, digər perspektivli layihələrimiz də gündəlikdədir: “Ümid”, artıq orada işlər gedir. “Babək”, “Qarabağ” layihələrinə xarici şirkətlər yenə də maraq göstərirlər. Vaxtilə kontrakt imzalanmışdı, sonra ona xitam verildi. Ancaq indi biz bilirik və xarici tərəfdaşlar da görürlər ki, “Qarabağ” yatağında da böyük ehtiyatlar var. Yəni, bütün bu işləri biz ardıcıllıqla edirik ki, ölkəmiz daha da güclənsin və ölkəmizə daha da çox gəlir gəlsin. O ki qaldı, icra edilmiş neft layihələrinə, indi onların hamısı uğurla işləyir. Bakı-Tbilisi-Ceyhan neft kəməri 11 ildir ki, fəaliyyət göstərir, Cənub Qaz Dəhlizi layihəsi uğurla icra olunur. Əminəm ki, biz bu layihənin də icrasına vaxtında nail olacağıq. Biz bu layihənin əsas hissəsi olan TANAP-ın gələn il istifadəyə verilməsini qeyd etməliyik. Əminəm ki, biz buna nail olacağıq.

Mən bu gün, eyni zamanda, xarici tərəfdaşlarla əməkdaşlığımızı da qeyd etmək istəyirəm. Bu əməkdaşlıq çox sağlam təməl üzərində qurulubdur. Həm investor, həm də kontraktor şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Əlbəttə ki, onların öz korporativ maraqları var. Bizim isə dövlət maraqlarımız var və bu maraqlar üst-üstə düşür".

Prezident Azərbaycanda xarici investorlar üçün çox gözəl şəraitin yaradıldığını vurğulayıb: "Hesab edirəm ki, Azərbaycanda xarici investorlar üçün çox gözəl şərait yaradılıb. Bütün kontraktlar qanunla təsdiqlənir ki, bu da investorlarda inam yaradır.

Beləliklə, bu gün biz ölkəmizin tarixində yeni gözəl hadisəni birlikdə qeyd edirik. Bu, nəhəng qurğu istənilən yerdə qazma işlərini apara bilər. Yəqin ki, neftçilər yaxşı bilirlər, sovet dövründə suyun dərinliyinin 200 metrdən çox olan yerlərinə getmək imkanı yox idi. Bəlkə məhz buna görə biz “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqlarını bu gün müstəqil Azərbaycan üçün qoruya bilmişik. Əgər o vaxt belə imkanlar olsaydı, həmin yataqlar da artıq əlimizdən çıxacaqdı. Necə ki, bizim qurudakı əsas yataqlarımızın böyük əksəriyyətinin neft ehtiyatları çar Rusiyası zamanı və sovet dövründə tükəndi. Amma bu qurğu ilə biz istənilən yerdə qazma işləri apara bilərik. Bu qurğu suyun min metr dərinliyində işləyə bilər. Mənə verilən məlumata görə, qurğunun qazma dərinliyi 12 min metrə bərabərdir, çəkisi isə 26 min tondur. Bax, bu rəqəmlər özlüyündə göstərir ki, biz nə qədər böyük bir layihəyə start verdik. Eyni zamanda, göstərir ki, bizim işçilərimiz, mühəndislər, fəhlələr nə qədər yaxşı iş görüblər".