Bu dəhşətli xəstəlikdən Azərbaycanda 828 nəfər öldü

19 May 2017 12:53 (UTC+04:00)

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2017-ci ilin üç ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 5269 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Movqe.az-ın bu barədə bu gün Respublika QİÇS-lə Mübarizə Mərkəzində keçirilən tədbirdə Mərkəzin rəhbəri Esmira Alməmmədova məlumat verib: “Onlardan 3796-ı (73,2%) kişi, 1473-ü (26,8 %) qadındır. QİÇS mərhələsində olan vətəndaşların sayı 1383 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 828 nəfər olub. İİV-lə yaşayan insanlardan 45,5 %-də İİV-ə yoluxma inyeksiyon narkotik istifadəsi nəticəsində, 43,2%-də heteroseksual, 2,0%-də isə homoseksual kontakt nəticəsində, 1,9%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş veribdir. 7,4 %-də yoluxma yolu müəyyən edilməyib”.

E. Alməmmədova deyib ki, Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstək göstərilir: “Hər ilin may ayının üçüncü istirahət günü QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə günü kimi qeyd edilir. Xatirə günü QİÇS-dən vəfat edənlərin yad olunması, insanların QİÇS-ə yoluxma təhlükəsi haqqında düşünmələri, onların irqindən, milliyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, QİÇS-dən sığortalanmalarını dərk etmələrinə çağırır. Eyni zamanda bu tədbir cəmiyyətin diqqətini, İİV-lə yaşayan insanlara qarşı stiqma və diskrimnasiyanı aradan qaldırmaq, onların ailə üzvlərinə, yaxınlarına və dostlarına dəstək vermək, geniş ictimaiyyətə İİV QİÇS haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır”. 

Zülfiyyə QULUYEVA