Azərbaycanın həmrəylik çağırışları rəğbətlə qarşılanır

20 May 2017 09:00 (UTC+04:00)

Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycandakı dini münasibətlər ən düzgün və zamanın sınaqlarından layiqincə çıxan modeldir. Bu da ondan irəli gəlir ki, Azərbaycan xalqı İslamın gözəlliklərini, saflığını hər zaman qoruyub saxlayır. Dövlət-din münasibətləri sağlam təməllər üzərində formalaşan Azərbaycan dünyəvi dövlətdır.  Lakin bu, müqəddəs dinimizin xalqımızı birləşdirməsinə, etnik və dini azlıqların həmrəyliyinə, dövlətimizin möhkəmlənməsinə və yüksəlməsinə nəinki mane olmur, əksinə bu xüsusiyyətləri daha gücləndirir. Buna görə də Azərbaycanın İslam ölkələri arasında birliyin və həmrəyliyin artması istiqamətində atdığı addımlar müsəlman dünyası tərəfindən yüksək qiymətləndirilir, təqdir olunur. Söylənilən fikirlərin əsas leytmotivi odur ki, Bakı bu məsələyə yeni stimul verib.

Dünyanın müxtəlif ölkələrinin kütləvi informasiya vasitələri, idman üzrə məsuliyyətli şəxslər, idmançılar İslam Həmrəylik Oyunlarının sədasını hər yana çatdırırlar. Misirin idman naziri  X.Əbdüləzizin fikrincə, ən yüksək səviyyədə təşkil olunmuş İslam Həmrəyliyi Oyunları Azərbaycanın dünyaya göndərdiyi sülh və həmrəylik mesajıdır. Onun dediyinə görə, Azərbaycan Beynəlxalq Olimpiya Hərəkatının inkişafına ən böyük töhfə verən ölkələrdən biridir. İRNA xəbər agentliyi Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu bildirərək İran idmançılarının qazandığı qələbələri şərh edir: “Bütün idmançılar üçün eyni şərait yaradılıb. Yarışların keçirildiyi bütün idman arenaları müasir standartlara cavab verir. İran idmançıları 58 medal qazanıblar. Mükafatların sayının artması gözlənilir”.
Rusiyada çıxan “Sobesednik” həftəliyində müxbir Alina Sokolovanın Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına həsr edilmiş xüsusi reportajı dərc olunub. “Həmrəylik oyunları” sərlövhəli materialın müəllifi yazır: MDB-nin ən gözəl paytaxtlarından biri olan Bakıda qeyri-adi formatlı iri beynəlxalq tədbir - İslamiada və ya İslam Həmrəyliyi Oyunları keçirilir. Müəllif qeyd edir ki, Oyunlarda rusiyalı idmançılar iştirak etmirlər, lakin tamaşaçı tribunalarında xeyli rusiyalı azarkeş görmək olar.
Oyunların rəmzləri Qarabağ atlarıdır. Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Qarabağ xalqımızın mənəviyyatının, tarixinin və ənənələrinin, o cümlədən xalçaçılıq və atçılıq ənənələrinin rəmzidir. Bütün bunlar İslam həmrəyliyi oyunlarının loqotipində öz əksini tapıb. Qarabağ atları zəriflik və cəsurluq rəmzidir. “İnci” və “Cəsur” ləqəbli atlar İslamiadanın rəmzləridir və Oyunların bütün suvenirləri üzərində onların təsviri var. Azərbaycan üçün bu, milli mədəniyyətin və mənəvi dəyərlərin mühüm tərkib hissəsidir və indi bu dəyərləri beynəlxalq idman tədbirinin bütün iştirakçılar bölüşür və dünyaya yayırlar.
Bolqarıstan mətbuatının “Novinite” xəbər portalı, “Diplomatic Spectrum” jurnalı, “Kircaali Haber” qəzeti və Bolqarıstan Baş Müftiliyinin internet səhifəsində IV İslam Həmrəyliyi Oyunları barədə ingilis və bolqar dillərində geniş məqalələrdə “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının əsas dəyərlərinin sülh, birlik, hörmət və mükəmməllik olduğu bildirilib. 
Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin vitse-prezidenti, şahzadə Əbdülhəkim bin Müsaid Al Səud IV İslam Həmrəyliyi Oyunlarının İslam həmrəyliyi üçün çox böyük əhəmiyyəti olduğunu qeyd edərək deyib: “Bu Oyunlar idman vasitəsilə müsəlman ölkələrini bir araya gətirib, onları bu yarışlar ətrafında birləşdirib”. Şahzadənin fikrincə, Azərbaycan Prezidentinin bu təşəbbüsü İslam ölkələrinin birliyində mühüm rol oynayacaq, müsəlman ölkələri arasında qardaşlıq tellərinin gücləndirilməsinə böyük töhfə verəcək. Bu qiymət müsəlman ölkələrinin birliyinə Bakıda yeni stimul verilməsinin təzahürüdür. Bütün bunlar haqda Səudiyyə Ərəbistanı Krallığının aparıcı kütləvi informasiya vasitələrindən olan “Okaz” qəzetində geniş informasiyalar verilib.
Fransadakı “BeurFM” radiosunda, İtaliyanın “Notizie Geopolitiche” portalında, Gürcüstan, Ukrayna, Körfəz ölkələrinin mətbuatında da IV İslam Həmrəylik Oyunları haqda geniş məqalələr dərc olunub, müsəlman ölkələrinin həmrəyliyinə Azərbaycandan bəxş olunan yeni çalarların mahiyyəti və təsir gücü açıqlanıb.
Azərbaycanın səyi ilə “İslam həmrəyliyi” ideyasının diqqət mərkəzinə çəkilməsi dünyanın bir çox ölkələrində “İslam” anlayışına birtərəfli və yanlış münasibət bəslənilməsinə aydınlıq gətirəcək. Bu mənada İslamı birmənalı olaraq terrorla əlaqələndirməyin, məqsədli şəkildə islamofobiya meyillərini yaymağın dünyaya sülh yox, qarşıdurma, böhran gətirdiyini diqqət mərkəzinə çəkmək, dialoqa, sülhə, həmrəyliyə, qarşılıqlı etimada çağırmaq mühüm bəşəri missiyadır. Heç şübhəsiz, multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində də Azərbaycan örnəyi nümunəvi modelə çevriləcək. 

N.NOVRUZ