Mənzil alışı hələ də Azərbaycandan xaricə valyuta axını yaradır

20 May 2017 11:30 (UTC+04:00)

Son dövrlərdə Azərbaycanda xaricdə daşınmaz əmlaka maraq artıb. Çexiya, Estoniya kimi Avropa ölkələrinə daha çox kommersiya məqsədilə daşınmaz əmlak almağa maraq göstərirlər. Belə ki, daşınmaz əmlaka sahib olub onu kirayə verməklə gəlir əldə edirlər. İspaniya və Türkiyədə isə turistik zonalardan ev almaq istəyənlər daha çoxdur. Mütəxəssislərin fikrincə, insanları bu addımı atmağa vadar edən amillər var. Bütün dövlətlərdən rast gəlinən haldır. Ancaq bu vəziyyət daxili əmlak bazarına mənfi təsirləri olur. Valyutanın daxildə qalması üçün isə müxtəlif təkliflər irəli sürülür.

"Koneko" Group MMC daşınmaz əmlak qiymətləndirmə şirkətinin rəhbəri Vüqar Oruc bildirdi ki, ölkə daxilində daşınmaz əmlak bazarına investisiya qoyulması daha məqsədəuyğundur: “Xaricə qoyulan investiyia məhz həmin ölkənin daşınmaz əmlak bazarının inkişafına, Azərbaycandan valyuta axınına səbəb olur. Lakin nəzərə alaq ki, insanları müəyyən maraqlar bu addımı atmağa vadar edir. İlk növbədə həmin bazarlarda daşınmaz əmlak qiymətlərinin aşağı olmasıdır. 
Türkiyə, Ukrayna, Gürcüstanda daşınmaz əmlakın qiyməti bizimlə müqayisədə aşağıdır. Eyni zamanda, orada insanların daşınmaz əmlakdan gəlir götürmək imkanları da yüksəkdir. Bu baxımdan kənara yatırım edən insanları başa düşmək olar. Onlar bununla öz gəlirlərini artırırlar. Bu mənada ölkədə elə bir şərait yaradılmalıdır ki, həmin valyuta daxili daşınmaz əmlak bazarına yatırılsın. Əks təqdirdə ölkədən valyuta axınına səbəb olur. Daşınmaz əmlak bazarında süstlüyün yaranması bir tərəfdən də bununla bağlıdır”.
Ekspert əlavə etdi ki, insanlar xaricə yatırım etməklə həm ölkədən kənarda daşınmaz əmlak almaq, həm də gəlir əldə etmək məqsədi güdürlər: “Bu da onların təbii haqqıdır. Odur ki, ölkədən kənara investiyisanın qarşısını almaq düzgün olmazdı, heç mümkün də deyil.  Elə bir şərait yaratmaq lazımdır ki, vətəndaşlarımız daxilə yatırım etsinlər. Bu da daxildə daşınmaz əmlak bazarındakı qiymətlərin reallığa yaxınlaşmasından asılıdır. Hazırda ucuzlaşma baş verməsinə baxmayaraq, qiymətlər real qiymətlər səviyyəsinə çatmayıb. O baxımdan qiymətlərin normallaşması üçün dövlət xüsusi tədbirlər görməlidir. Son nəticədə daşınmaz əmlak bazarındakı passivlik də aradan qalxmış olar”.
Daşınmaz əmlak məsələləri üzrə digər ekspert Rəşad Əliyev bildirdi ki, xaricdə istirahət etmək, xaricdə daşınmaz əmlak almaq vərdişi hər bir dövlətin vətəndaşlarında var: “Amma xaricdə əmlak almağın səbəbləri və məqsədi var. Məsələn, icarəyə verilmə məqsədi ilə alınan mənzillər var. Bundan başqa, kimsə hansısa bölgədən xoşu gəlirsə, oradan mənzil ala bilər.  Ancaq istirahətlə yanaşı, investisiya qoyuluşu da mümkündür. Çünki hansı ölkədə gəlirlik böyükdürsə,  insanlar orada daşınmaz əmlak almağa üstünlük verir”.
Ekspertin fikrincə, Azərbaycanın daxili bazarına da meyl edən xaricilər var: “Bu, daxili bazara təsir edir. Belə ki, turist axını kirayə evlərinə tələbi artırır. Kirayə haqqının artımı əmlakın gəlirliyini artırır. Son nəticədə əmlakın dəyərinin yüksəlməsinə təsir göstərir. Amma xaricə investisiyanın qarşısını almaq çətindir. Həmiş eyni yerdə yaşamaq, istirahət etmək istəməyən insanlar çoxdur. Burada zövq və maliyyə imkanı da rol oynayır. Daxildə istirahət edənlərin çoxu maliyyə imkanları məhdud olanlardır. İmkanı olanlar xaricdən həm mənzil alır, həm də istirahət edə bilirlər. 
Nəzərə alaq ki, Azərbaycan kiçik ölkədir. Moskvada yaşayan Soçidən ev ala bilər. Çünki məsafə uzaqdır. Amma Azərbaycanın bu tərəfindən o tərəfinə 500 kilometrdir. Bu qədər kiçik məsafəyə görə insanlar adətən respublikanın müxtəlif bölgələrindən mənzil almırlar”. 
 

Mübariz BAYRAMOV