Əmlak sahibi olmaq istəyənlərə yeni fürsət

22 May 2017 14:12 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun 20-də yeni hərrac keçiriləcək.

Komitədən Movqe.az-a  verilən məlumata görə, hərraca ümumilikdə 193 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 90-nı kiçik dövlət müəssisə və obyekti, 70-i istifadəsiz qeyri-yaşayış sahəsi və 8-i nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Zaqatala, Şəki, Yevlax, Şəmkir, Balakən və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Binəqədi Əmlak Kompleksi, Bakının Sabunçu rayonunda yerləşən Yardımçı Təsərrüfat, Balakən Əmlak Kompleksi kimi iri dövlət əmlakları var.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Binəqədi Əmlak Kompleksidir. 900 min manata təklif olunan müəssisənin torpaq sahəsi 2853,4 kv.m, ümumi faydalı sahəsi isə 838,3 kv.m-dir. Bundan başqa Balakən Əmlak Kompleksi 550 min manata, paytaxtın Sabunçu rayonunda yerləşən Yardımçı Təsərrüfat 542 min 500 manata hərraca çıxarılıb. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 65-i paytaxtda, qalanları isə Sumqayıtda, Şirvan şəhərlərində yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxın Səbail rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 250 min manat start qiyməti ilə hərraca çıxarılıb. Həmin əmlakın ümumi faydalı sahəsi 600 kv.m təşkil edir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 10 kv.m ilə 600 kv.m arasında dəyişir. Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan paytaxtın Yasamal rayonunda yerləşən, sahəsi 47,4 kv.m olan qeyri yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 4 min 500 manat təşkil edir. Həmçinin Bakının Xətai rayonunda yerləşən sahəsi 11 kv.m, ilkin start qiyməti isə 3 min 750 manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar. Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Qax Taxıl”, “Saatlı Broyler”, “Ağdaş Quşçuluq”, “Boradigah Çay-2”, “Yevlax Kəndnəqliyyat”, “İmişli Yağ Pendir” kimi səhmdar cəmiyyətlər var.

Hərraca çıxarılan 8 nəqliyyat vasitəsinin qiyməti isə 461 manatla 4 min 50 manat arasında dəyişir. Özəlləşdirilən nəqliyyat vasitələrinin markaları da müxtəlifdir.