Bu göldə çimməyin- XƏBƏRDARLIQ

24 May 2017 11:06 (UTC+04:00)

“Bakıda, Hövsan-Zığ magistral yolunun kənarında yerləşən "Duzlu göl" də çimmək qadağası bu il də qüvvədə saxlanılıb”. 
Bu sözləri Movqe.az-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov söyləyib. Z. Kazımov bildirib ki, göldə çimməyə 2006-cı ildən qadağa qoyulub: "Bu il də vəziyyət dəyişmədiyindən qərar qüvvəsində qalıb. Buna baxmayaraq hər il bu gölə müalicəvi məqsədlə insanlar axışır. Ona görə də, rəsmi şəkildə aidiyyatı qurumlara göldə çimməyin yasaqlanması ilə bağlı məlumat vermişik".
Qeyd edək ki, hələ ötən il hər yay mövsümündə antisanitariya şəraiti ilə gündəmə gələn “Duzlu göl”ün yaxınlığında müalicə mərkəzinin yaradılması məsələsi gündəmə gəlmişdi. Bakı Dövlət Layihə İnstitutunun Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırma planında (Baş plan) təklif edilirdi ki, Zığ gölü ətrafında geniş rekreasiya və əyləncə əraziləri, habelə Hövsan qəsəbəsinin sahilyanı ərazilərində yüksək keyfiyyətli ticarət və yaşayış əraziləri də salınsın.  Z. Kazımov isə deyir ki, ərazidəki antisanitariya şəraiti “Duzlu göl”dən müalicə məqsədi ilə istifadə etməyə imkan vermir. Şöbə müdiri "Duzlu göl"də müalicəvi məqsədlə qəbul edilən vannaların müsbət, yaxud mənfi nəticə verməsinin hələki təsdiqlənmədiyini söylədi: "Bizə o məlumdur ki, bu göldə antisanitariya şəraiti var. Bu isə göldə çimənləri, vanna qəbul edənlərin təhlükəli viruslara yoluxma riski ilə üz-üzə qoyur. Ona görə də, sözügedən göldə çimməyə qoyulan qadağa bu ildə qüvvədə saxlanıldı".

Zülfiyyə QULUYEVA