Səhiyyə Nazirliyində doğuşayardımla bağlı kollegiya iclası keçirilib
14 Fevral 2013 16:05 (UTC+04:00)
Səhiyyə Nazirliyində Oqtay Şirəliyevin rəhbərliyi ilə Azərbaycanda
Doğuşayardım xidmətinin vəziyyətinə həsr olunmuş geniş kollegiya
iclası keçirilib. Nazirliyin məlumatına görə, iclasa Bakı və
bölgələrdəki doğum evlərinin baş həkimləri, şöbə müdirləri, habelə
doğuşayardım xidmətlərini həyata keçirən özəl tibb müəssisələrinin
rəhbərləri dəvət olunub.
Doğuşayardım xidmətinin vəziyyətinə dair ilk söz Səhiyyə Nazirliyi
Tibbi Yardım Təşkili şöbəsini müdiri Gülmirzə Poladova verildi.
Çıxışının əvvəlində G.Poladov son illər ərzində səhiyyənin idarə
olunması, tibb müəssisələrinin maddi-texniki bazasının
gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr
islahatları, əhalinin pulsuz tibbi xidmətlə təmin olunması,
müxtəlif dövlət proqramlarının həyata keçirilməsi və başqa
genişmiqyaslı tədbirlər nəticəsində ana və uşaqlara göstərilən
tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına zəmin
yaradıldığını vurğuladı. Şöbə müdirinin sözlərinə görə, ölkədə
sosial-iqtisadi vəziyyətin sabitliyi diri doğulmuşların sayının
artmasına, ana və uşaq ölümü göstəricilərinin azalmasına gətirib
çıxarıb. Belə ki, 2007-ci ildə 151 mindən artıq uşaq doğulmuşdursa,
2012-ci il ərzində 173 547 diridoğulmuş qeydə alınıb. Körpə ölümü
göstəricisi 2007-ci ildə 12,1; 2012-ci ildə-10,8; ana ölümü 2007-ci
ildə 34,5; 2012-ci ildə isə bu göstərici 14,9-a bərabər olub. Qeyd
olunub ki, son illər ərzində evdə doğuşların sayında azalma da
müşahidə olunur. Belə ki, 2007-ci ildə evdə doğuşların sayı ümumi
diridoğulmuşların sayına görə 3,5 % təşkil etmişdirsə, 2012-ci ildə
il də bu rəqəm 3 dəfə azalıb. G. Poladov bildirib ki, əldə olunan
nailiyyətlərlə yanaşı bu sahədə bəzi problemlər də var. Baş vermiş
ana və uşaq ölümü hadisələrinin hər biri Səhiyyə Nazirliyinin
Döğuşayardım Komissiyası tərəfindən təhlil olmuş və təhlillər
zamanı aşkar olunan çatışmazlıqların aradan qaldırılması
istiqamətində bir sıra tədbirlər həyata keçirilib.Antenatal
xidmətə, ekstragenital və mamalıq patologiyasının vaxtında aşkar
edilməsinə, hamilələrin hospitalizasiyası məsələlərinə və digər bir
sıra məsələlərə Səhiyyə Nazirliyi tərəfindən diqqət daha da
gücləndirilib. G.Poladov bildirib ki, Səhiyyə Nazirliyinin ən
prioritet sahələrindən biri olan Doğuşayardım xidmətinin
keyfiyyətinin artırılması üçün bir sıra təkliflər hazırlanıb və
səhiyyə nazirinə təqdim edilib. Şöbə müdiri onu da qeyd etdi ki,
doğum tarixlərində keysəriyyə kəsiyi əməliyyatlarının
əsaslandırılmasına baxmayaraq, doğuşların təbii yolla aparılmasının
zəruriliyinə diqqət artırılmalıdır. G.Poladov cıxışının sonunda
bildirmişdir ki, doğuşayardım xidmətin daha da təkmilləşməsi, arada
olan problemlərin aradan qaldırılması üçün Səhiyyə Nazirliyi
müxtəlif istiqamətlərdə ciddi tədbirlər görür. Hazırda neonatoloji
xidmətin təkmilləşdirilməsi istiqamətində vacib işlər
planlaşdırılır. Belə ki, ET Pediatriya, Mamalıq və Ginekologiya
İnstitutlarında, Respublika Perinatal Mərkəzində mövcud
neoanatoloji-reanimasiya şöbələri genişləndirilərək. Bundan əlavə
bu şöbələrin maddi-texniki vəziyyətinin müasir səviyyədə təmini
istiqamətində də vacib addımlar atılması gündəmdədir. Eyni zamanda
şöbələrin ştat cədvəlində müvafiq dəyişikliklərin aparılması və
yüksəkixtisaslı neonatoloji-reanimatoloji kadrlarla təmin olunması,
onların təkmilləşmə məqsədilə xaricə kurslara göndərilməsi
məsələsinə baxılacaqdır. Şöbə müdirinin çıxışından sonra
müzakirələrə başlanılmışdır. Müzakirələrdə çıxış edən ET Mamalıq və
Ginekologiya İnstitutunun direktoru F.Əliyeva, M.Ə. Mirqasımov
adına Respublika Klinik Xəstəxanasını baş həkimi T.İbadov və
Səhiyyə Nazirliyi Təxirəsalınmaz Tibbi Yardımın stansiyasını rəisi
M.Cəfərov çıxış ediblər. Çıxışçılar bu sahədə görülən işlərlə
yanaşı arada olan boşluqları da kollegiya iştirakçılarının
diqqətinə çatdırdılar.
Səhiyyə Nazirliyi Təxirəsalınmaz Tibbi Yardımın stansiyasını rəisi
M.Cəfərov bildirb ki, 2012-ci il ərzində SNTTTYS konsultativ tibbi
heyəti tərəfindən 894 çağırış icra olunub. F.Əliyeva son illər
ərzində analara və yeni doğulmuş uşaqlara göstərilən tibbi xidmətin
keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə Səhiyyə Nazirliyi
tərəfindən görülən bir sıra işlərdən danışdı. F.Əliyeva eyni
zamanda ET Mamalıq və Genikologiya İnstitutunun mütəxəssisləri
tərəfindən bölgələrdə aparılan çoxsaylı monitorinqlər haqında
kollegiya iştirakçılarının məlumat verib. Səhiyyə nazirinin müavini
A. Vəlibəyov dövlətin səhiyyə sahəsinə ayırdığı xüsusi diqqət və
qayğının bariz nümunəsi kimi ana və uşaq ölümü səviyyəsinin 3 dəfə
azalmasını vurğulayıb. Daha sonra səhiyyə naziri Oqtay Şirəliyev
çıxış edib. Nazir özəl və ya dövlət tibb müəssisəsi anlayışının
olmadığını və hər bir tibb müəssisənin Azərbaycan səhiyyəsinin adı
ilə bağlı olduğunu söyləyib. O.Şirəliyev xüsusi vurğuladı ki,
səhiyyənin bütün sahələri önəmli və vacib məsələdir. Lakin
doğuşayardım xidməti Nazirliyin xüsusi diqqət ayırdığı sahədir. Biz
hər birimiz Azərbaycan dövlətinin adına layiq çalışmalıyıq. Hər
biriniz vicdanla, şərəflə çalışmalıyıq. Biz statistikaya nəzər
salsaq görərik ki, ölkəmizdə yaşayış həddi yuxarı qalxdığı kimi,
insanların ölüm hallarının səviyyəsi də aşağı enmişdir. Ölkə
rəhbərliyi səhiyyəyə diqqət və qayğısı göz qabağındadır.
Maddi-texniki baza var və bu imkanlar daha da genişləndirilir" -
deyə nazir vurğulayıb.