Ekologiya və təbii sərvətlər naziri Cəlilabadda vətəndaşları qəbul edib

25 May 2017 14:48 (UTC+04:00)

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Cəlilabad rayonunda vətəndaşları qəbul edib. 
Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan qəbulda Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonlarında yaşayan vətəndaşlar iştirak edib.
Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.
Nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.