Rusiya daha bir MDB respublikasına “İsgəndər” raketləri yetirdi

25 May 2017 20:00 (UTC+04:00)

Rusiya Tacikistandakı 201-ci hərbi bazasına əlavə hərbi qüvvələr yerləşdirib. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiyanın Mərkəz hərbi dairəsinin komandanı, general-polkovnik Vladimir Zarudnitski jurnalistlərə bildirib. Onun sözlərinə görə hərbi bazaya “Uraqan” reaktiv yaylım atəşi sistemləri ilə təchiz edilmiş diviziyon yerləşdirilib. Eyni zamanda bu postsovet respublikasına ilk dəfə “İsgəndər-M” operativ-taktiki raketləri çatdırılıb.

Bu raket sistemləri “Düşənbə-Antiterror-2017” hərbi təlimlərində iştirak edəcək. Manevrlər mayın 30-da başlayacaq, Rusiya raketçiləri dağlarda yerləşən şərti hədəflərə atəş açacaqlar.

Generalın bildirdiyinə görə habelə Düşənbə ətrafındakı Ayni aerodromuna Su-24M bombardmançıları yerləşdirilib. Bu aviaqruplaşma da birgə təlimlərə qatılaaq.

 

220 millimetrlik “Uraqan” raket sistemləri canlı qüvvəni və zirehsiz texnikanı məhv etmək üçündür. Sistemin bir yaylım atəşi 35 kilometr məsafədə 29 hektara qədər ərazini əhatə edir. Döyüş maşınında 16 raket istiqamətləndiricisi var. “İsgəndər-M” isə 500 kilometr mənzilli taktiki raket kompleksidir. Nüvə başlığı daşıya bilir. Bundan əvvəl Rusiya həmin raketləri Kalininqradda yerləşdirib. Habelə Ermənistana bir diviziyonu silahlandırmağa bəs edəcək qədər “İsgəndər” kompleksləri verib.

Rusiyanın Tacikistandakı həbi bazasında 6 minə qədər hərbçi xidmət edir. Razılaşmaya görə hərbi baza Tacikistanda azı 2042-ci ilə qədər qalacaq.