Evakuatorların fəaliyyəti sürücülərin narazılığına yol açır

25 May 2017 16:26 (UTC+04:00)

“Aptekdən, mağazadan çıxdm ki, maşınım saxladığım yoxdur”. Sürücülər tərəfindən bu cür narazılıqları tez-tez müşahidə edirik. Söhbət avtomobil oğurluğundan yox, dayanma-durma tələblərinin pozduğuna görə evakuasiya edilən avtomobillərdən gedir. 

Sürücülərin hamısı avtomobilin evakuasiya edilməsinə birmənalı yanaşmırlar. Belə ki, avtomobilin evakuasiya olunmasındansa, cərimənin yazılmasını daha məqbul hesab edirlər. Səbəb də o göstərilir ki, birincisi, avtomobili aparılmış şəxsin günlük planları pozulur. İkincisi, tələbləri pozmuş bütün avtomobillər eyni anda evakuasiya edilən bilməz. Amma bütün avtomobillərin eyni anda cərimələnməsi mümkündür. 
Məsələyə münsibət bildirən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun sözlərinə görə, ilk növbədə düşüncə forması dəyişməlidir: “Bir sürücü avtomobilini saxlayarkən başqalarının hərəkətinə maneçilik yaratdığını düşünmür, amma öz avtomobilinin evakuasiya olunmasından narahat olur. Düşüncə tərzi nə qədər ki yüksəlməyib, nizami-intizam yaradılması avtomobilin evakuasiya edilməsi yolu ilə mümkün olacaq”.
Vaqif Əsədov əlavə etdi ki, dayanma-durma tələblərini pozan avtomobilin sürücüsü nəqliyyat vasitəsinin yanındadırsa, ona yerindəcə inzibati protokol tətbiq edilir: “Beləliklə, sürücü yerində cəzalandırıldığı üçün avtomobil cərimə meydançasına aparılmır. Nəzərə alaq ki, dayanma və durma qaydalarının pozulmasına görə küçə və yollarda tıxac yaranır. Bu da digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin məhdudlaşmasına səbəb olur.  Ona görə tələbləri pozan avtomobillərin cərimə meydançasına daşınması mütləqdir ki, növbəti dəfə oxşar xətaya yol verilməsin. 
Nəzərə alaq ki, dayanm-durma tələblərinin pozulması təkcə nişanların tələblərinin pozulması deyil. Ən azından yolların hərəkət hissəsinin daralmasına, həmin istiqamətdə olan digər yol hərəkət iştirakçılarının hərəkətinə maneə, bütövlükdə həmin ərazidə süni tıxacların yaranmasına səbəb olur. O baxımdan bu cür avtomobillərin evakuasiya edilməsi vacib şərtdir. Lakin dayanma-durma tələblərinin pozulması ilə bağlı tətbiq edilən inzibati tənbeh tədbirləri müsbət nəticələr əldə etməyə imkan verib. Vaxtı ilə gün ərzində 1000-1500 sürücü barəsində dayanma-durma qaydasının pozduğuna görə cərimə tətbiq edilirdisə, bu gün həmin rəqəm kəskin dərəcədə aşağı düşüb. Artıq  Bakı şəhər üzrə gün ərzində 700-800 nəfər bu cür sürücü aşkarlanır. Deməli, insan şüuüruna təsir edən metodlardan biri düzgün cəza sanksiyalarının tətbiq edilməsidir”.
Vaqif Əsədov evakuatorun hansı maşını ilk aparması məsələsinə də toxundu: “10 avtomobil təlbələri pozaraq dayanıbsa, evakuator onlardan birini götürür. Adətən də götürülməsi daha təhlükəsiz olan avtomobil ilk olaraq evakuasiya edilir. Bir evakuator da bir avtomobili apara bilər. Düzdür, bir çox hallarda sürücülər “niyə məhz mənim maşınımı apardı” sualı verirlər. Bu məntiqlə həmin avtomobilləri eyni anda götürmək üçün 10 evakuator lazımdır. Bu, insanlarda qısqanclıq yaratmamalıdır. Dayanmış digər nəqliyyat vasitələrinin sürcüləri barəsində də tədbirlərin görülməsi üçün foto-materiallar hazırlanıb avtomobilin qabaq-alın şüşələrinə yerləşdirilir. Ən nəhaytə, hər kəs özü-özünə cavab verməlidir”.
Müsahibimiz əlavə etdi ki, evakuatorların iş prinsipi var: “Lakin əhəmiyyətli tədbirlər həyata keçirilən zaman  evakuator fəaliyyəti üçün saat ola bilməz. Ümumiyyətlə, sürücülər günün qaranlıq vaxtı da dayanma-durma təbələrinə riayət etməlidirlər. Çünki şəhərdə yerləşdirilmiş kameraların köməyi ilə hərəkətə nəzarət edilir. Eyni zamanda, təsirli tədbirlərin görülməsi üçün foto-materaillar hazırlamaq imkanlarımız var. Həmçinin dislokasiya üzrə ayrılmış yol patrul xidməti fəaliyyət göstərir. Odur ki, günün qaranlıq vaxtında da evakuatorlardan istifadə etmək vacibdir və onlar üçün konkret iş saatı olmamalıdır”.
Nəqliyyat məsələləri üzrə hüquqşünası Ərşad Hüseynov bildirdi ki, qanunda dayanma-durma qaydaları pozulduqda hansı hallarda nəqliyyat vasitələrinin  evakuasiya olunması dəqiq göstərilib: “Qanun hər ikisinə icazə verir. Elə hallar var ki, nəqliyyat vasitəsi mütləq evakuasiya olunmalıdır.  Məsələn, avtomobil elə yerdə dayana bilər ki, yolda süni tıxac, qəza şəraiti yarana bilər. Əgər sürücüsü yanında olmayan nəqliyyat vasitəsi digər hərəkət iştirakçılarına maneə yaradıbsa, həmin nəqliyyat vasitəsi evakuasiya olunmalıdır. Sürücüsü yanında olan halda isə yerindəcə cərimə olunmalı və avtomobil dərhal oradan uzaqlaşdırmalıdır”.
Qeyd edək ki, Azərbaycanda qanunla müəyyən edilmiş hallarda Yol-patrul xidməti (YPX) inspektoru tərəfindən evakuatorun (təxliyyə avtomobili) tətbiqinə dair yeni qayda müəyyənləşdirilib. Bu, Daxili İşlər Nazirliyinin Kollegiyasının qəbul etdiyi və mayın 19-da qüvvəyə minmiş “Yol-patrul xidməti haqqında Təlimat”ında əksini tapıb. YPX inspektoru tərəfindən evakuator (təxliyyə avtomobili) aşağıdakı qaydada tətbiq edilir:
- dayanma və ya durma qaydaları pozulmaqla küçə və yollarda tıxac yaratmış və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması məqsədilə istifadəsində olan bort-kompüter vasitəsilə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edir;
- YPX inspektoru radio-cihaz vasitəsilə qayda pozuntusu barədə növbətçi hissəyə məlumat verir və həmin yerə evakuator çağırır. Evakuatorun tətbiq edilməsi ilə bağlı məlumatlar “Evakuatorla təxliyyə olunan nəqliyyat vasitələrinin qeydiyyatı jurnalı”nda qeydə alınır;
- YPX inspektoru “Nəqliyyat vasitəsinin duracağa göndəriş vərəqəsi”ni doldurur (avtomobilin banında görünən zədələr və nəqliyyat vasitəsinin sahibinin məlumatlandırılması üçün görülmüş tədbirlər barədə göndəriş vərəqəsində qeydlər etməklə) və evakuatorun heyətinə təqdim edir;
- göndəriş vərəqəsinin əsasında evakuatorun heyəti nəqliyyat vasitəsini duracağa aparır.
- Nəqliyyat vasitəsinin evakuatora yüklənməsi əməliyyatı başlandıqda, habelə nəqliyyat vasitəsi yükləndikdən sonra nəqliyyat vasitəsinin sürücüsü həmin yerə yaxınlaşdıqda nəqliyyat vasitəsinin duracağa göndərilməsinə yol verilmir.
- Evakuator yol-nəqliyyat hadisəsi nəticəsində sıradan çıxmış nəqliyyat vasitələrinin aparılması, habelə xüsusi tədbirlərin keçirildiyi ərazilərdə sahibsiz nəqliyyat vasitələrinin yolun hərəkət hissəsindən kənarlaşdırılması məqsədilə də istifadə olunur.
Mübariz BAYRAMOV