Avro dolları sıxışdırır

27 May 2017 10:00 (UTC+04:00)

Son dövrlərdə rəsmi məzənnələrdə dollar ucuzlaşır, avro isə əksinə, bahalaşır. Eyni zamanda avroya tələbin artması müşahidə olunur. Belə vəziyyətin yaranmasına səbəb nədir? 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, avroya tələbin artması Avropa Birliyi daxilində gedən siyasi-iqtisadi amillərlə bağlıdır: “Avronun məzənnəsinin son dövrlər yüksəlməsi əsasən Avropa Birliyi daxilində gedən iqtisadi və siyasi proseslərlə bağlıdır. Bildiyiniz kimi, Fransada keçirilən prezident seçkilərindən Avropa Birliyinin qorunub saxlanılmasının tərəfdarı olan qüvvələr qalib gəldi.  Məhz bu seçkilər Avropa Birliyinin gələcəyilə bağlı şübhələrin xeyli dərəcədə arxa plana keçməsinə səbəb oldu. Çünki Fransadakı seçkilərdə millətçilərin nümayəndəsinin qalib gəlməsinin hətta Avropa Birliyinin dağılmasına gətirib çıxaracağı gözlənilirdi. Amma gördüyünüz kimi bu baş vermədi. Hansı ki, belədə Avropa Birliyinin möhkəmliyi bir daha öz təsdiqini tapdı. 
Belə bir vəziyyət təbii ki, bazara da öz psixoloji təsirini göstərdi. Nəticədə avronun məzənnəsində artımlar qeydə alındı. Həmçinin, Avropa Birliyi ölkələrinin iqtisadi göstəricilərində də artımlar müşahidə edilir. İqtisadi göstəricilərin yaxşılaşdırılması da nəticə etibarı ilə prosesə təsir göstərdi və avro öz mövqeyini yenidən möhkəmləndirməyə başladı. Digər tərəfdən, son zamanlar o da müşahidə edilir ki, ABŞ dolların zəifləməsində maraqlıdır. ABŞ prezidenti Donald Tramp ucuz dolların olmasında maraqlı olduğunu dəfələrlə bildirib.  Bunun özü də nəticə etibarı ilə dolların zəifləməsinə həm psixoloji, həm də iqtisadi təsir göstərib. ABŞ-ın son maliyyə siyasəti birmənalı şəkildə dolların  ucuzlaşmasına xidmət edir. Baxmayaraq ki, ABŞ Mərkəzi Bankı (FES) uçot dərəcəsinin artırılması ilə bağlı qərar verdi. Amma dollar hələlik avroya nisbətən bazara ciddi şəkildə təsir göstərə bilmir. Ona görə də avroda bahalaşma təbii ki, gözlənilən idi. Neftin dünya bazarında qiymətində müəyyən ucuzlaşma müşahidə olunur ki, bu da valyuta bazarına tələbi artırıb. Bununla belə avronun kəskin şəkildə möhkəmlənmə ehtimalı xeyli dərəcədə azdır. Müəyyən artımlar olacaq. Amma avro ilə dollar arasında kəskin fərqlərin olması indiki məqamda proqnozlaşdırılmır. Vaşinqton dolların ucuzlaşdırılması siyasətini davam etdirərsə, bu, avronun məzənnəsinə yenidən təsir edə bilər. Hələlik isə, bazarda avronun məzənnəsinin mövcud ekvivalent ətrafında dəyişəcəyi proqnozlaşdırılır”.    
İqtisadçı-ekspert Yaşar Əsədovun fikrincə isə, dolların zəifləməsi, avronun isə möhkəmlənməsi mövsümü amillərlə bağlıdır: “Avro ilə dollar məzənnə baxımından həmişə bir-birilə oynayıb. Bir zamanlar avro dollardan 30 faizə qədər baha idi. Sonradan dollar möhkəmləndi, indi isə cüzi də olsa avronun gücləndiyini müşahidə edirik. Görünür, avro ilə dolların məzənnəsi ətrafında yaşanan bu dəyişmələr mövsümü səciyyə daşıyır. 
Böyük Britaniya Avropa ittifaqından çıxan ərəfədə güclü böhran keçirdi ki, bu, avroya da öz təsirini göstərdi. Bu fonda avro dollara nisbətən həddən artıq, 20-25 faizə qədər ucuzlaşdı. Hazırda isə avro itirdiyi bu mövqeyini bərpa etməklə məşğuldur. Deməli, Avropa İttifaqının iqtisadiyyatı Böyük Britaniyanın qurumdan çıxması prosesinə uyğunlaşdığından bazarlarda da artıq anoloji proses baş verir. Nəticədə yüngül də olsa avro mövqeyini bərpa edib”.
Rüfət NADİROĞLU