Səhiyyə Nazirliyi: Dərmanların qiyməti ilə sperkulyasiya etmək olmaz
14 Fevral 2013 17:25 (UTC+04:00)
Yaxın vaxtlarda ölkədə bütün apteklərdə satılan dərmanlar üçün
vahid qiymət siyasətinin tətbiqi nəzərdə tutulur. Səhiyyə nazirinin
müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib ki, dünya
ölkələrinin bir çoxunda, Avropa ölkələrində dərmanlar üçün vahid
qiymət tətbiq edilir. Nazir müavini vurğulayıb ki, bu sistem tətbiq
edildikdən sonra artıq dərmanların üzərində qiymət yazılacaq:
"Burada topdansatış müəssisəsinin, aptek müəssisəsinin konkret,
bəlli bir faizi olacaq. Dərman preparatlarının üzərində Avropa
ölkələrində olduğu kimi vahid qiymət olacaq. Respublikanın
regionundan asılı olmayaraq, hər yerdə dərmanlar vahid qiymətlə
satılacaq".
E.Ağayev bu məsələnin qanunvericiliklə tənzimlənəcəyini, hələki
bununla bağlı mexanizmlərin müəyyənləşmədiyini söyləyib. Qeyd edək
ki, dərmanların qiymətinin vahid tarif siyasət ilə tənzimlənməsi
birmənalı qarşılanmır. Dərman satışı özəl sektor tərəfindən həyata
keçirildiyindən, bu mövzuda müəyyən mübahisəli məqamların ortaya
çıxalaçağı proqnozlaşdırılır. Məsələn, iqtisadçı Azər Mehtiyev
dərmanlara vahid qiymət siyasətinin ölkədə dərman bazarındakı
vəziyyəti düzəldəcəyinə inanmır. A. Mehtiyevin sözlərinə görə,
hazırda sosializm dövrü olmadığından, dərman bazarında qiymətləri
bazar münasibətləri tənzimləməlidir. Dərmanların qiymətinin Tarif
Şurası tərəfindən tənzimlənməsi, sosializmə qayıdış kimi başa
düşülə bilər: "Hazırda dərman vasitələri Tarif Şurası
tərəfindən qiyməti tənzimlənın mallar siyahısına daxil deyil. Belə
halda dərmanlara vahid qiymət siyasəti tətbiq edilə bilməz. Çünki
dərmanlar azad sahibkarlar tərəfindən gətirilir, hansı sahibkara
hansı qiymət sərf edirsə, gəlir-cıxarını hesablayıb qiymət qoyur.
Dərman bazarında bu gün qiymətlərin yüksək olmasının səbəbi isə
başqadır. Nazirlik dərmanlara vahid qiymət müəyyənləşdiməkdənsə, bu
sahədəki monopolyanın qarşısını almalıdır. Əks halda vahid qiymət
siyasəti də nəticə verməyəcək".
İqtisadçının sözlərinə görə, bundansa Səhiyyə Nazirliyi ölkədə
dərmanların qiymətinin süni şəkildə artmasının qarşısını almaq üçün
başqa tədbirlər görə bilər: "Nazirlik dövlət tərəfindən alınan
dərmanların qiymətlərini açıqlamaqla, göstərə bilər ki, ölkədə
dərmanların ilkin bazardan alışı neçəyə başa gəlir. Bu kimi
vasitələrlə dərman bazarındakı bahalaşmanın qarşısını ala
bilər".
Səhiyə nazirliyinin sözçüsü Anar Qədrili isə deyir ki, dərmanlara
vahid qiymətin tətbiqi heç də pis nəticə verə bilməz. A. Qədrili
artıq bu təcrübədən xarici ölkələrin əksəriyyətində, hətta İran
İslam respublikasında da istifadə edildiyini söylədi: "Müxtəlif
ölkələrin dərman istehsalçılarının Azərbaycanda nümayəndəlikləri
var. Onlarla danışıqlar aparmaqla dərmanların üzərində
istehsalçı şirkət tərəfindən qiymətlərin qoyulması mümkündür.
Dərman idxal edən şirkətlərin, apteklərin qazançı isə faiz əsasında
olacaq. Amma bununla bağlı hələki mexanizmlər tam
müəyyənləşməyib".
Qeyd edək ki, hazırda İranda da bütün apteklərdə dərmanlar üçün
vahid qiymət tətbiq edilir. Bu qiymətlər ölkənin Səhiyyə Nazirliyi
tərəfindən müəyyən olunur. Qeyd edək ki, dərmanların qiymətlərinin
aşağı salınması istiqamətində görülən hər bir tədbir alıcılar
tərəfindən rəğbətlə qarşılanır. Odur ki, dərmanların qiymətinin
Tarif Şurası tərəfindən tənzimlənməsi sonda dərmanların qiymətinin
aşağı salınması ilə nəticələnərsə, təbii ki, bu alıçıların
ürəyindən olacaq. A. Qədirli də deyir ki, dərmanların qiyməti ilə
sperkulyasiya etmək olmaz.