MBNP kapitallaşma problemi olan 5 bankı nəzarətə götürüb

30 May 2017 11:11 (UTC+04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kapitallaşma problemi ilə üzləşən 5 bankı nəzarətə götürüb. Movqe.az APA-ya istinadən  xəbər verir ki, bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham-Azerbaijan”) birgə təşkilatçılığı ilə “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda bildirib.
 
“Son illər ərzində 11 bank sistemdən kənarlaşdırılıb. Təxminən 26 bankdan 12-də əhəmiyyətli kapitallaşma aparılıb. Bu gün 5 bank “watch list”ə daxil edilib və onlar nəzarət altındadır. Bu bankların kapitallaşma proqramı ilin ortalarınadək icra edilməlidir. Bu proseslər bank sektorunda müəyyən stabilləşmənin yaranmasına səbəb olub. Biz ötən ildən etibarən bankların qeyri-işlək portfelinin stabilləşməsini müşahidə edirik. Artıq problemli kreditlər yaranmır, mövcud portfel qocalır”, - deyə o qeyd edib.