ƏƏSMN 80 əlilliyi olan şəxsi Nabran istirahət zonasına göndərib (FOTO)

30 May 2017 11:46 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb.

Bu barədə Movqe.az-a  Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirliyin xətti ilə may ayında bu təbəqədən olan 280 nəfər şəxs istirahətə göndərilib.

ƏƏSMN-nin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən daha 80 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonundakı Nabran istirahət zonasına istirahətə göndərilib.

Yola salınan əlilliyi olan şəxslər ölkəmizdə sosial cəhətdən həssas qrupların sosial reabilitasiyasına və bütün sahələrdə cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olmalarına yönələn proqramların uğurla davam etdirilməsindən məmnunluqlarını ifadə ediblər. Onlar etibarlı sosial müdafiə sistemi ilə əhatə olunduqlarına, eyni zamanda yaz-yay mövsümündə təbiətin səfalı guşələrində dincəlmələri üçün şərait yaradıldığına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə qeyd olunub ki, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 1000 nəfərdən çox əlilliyi olan şəxs Lənkəran, Xaçmaz, Şəki rayonlarındakı istirahət mərkəzlərinə göndərilib. Əlilliyi olan şəxslərin istirahətinin təşkili proqramı bu il daha çox, yəni 1100 nəfərdən çox vətəndaşı əhatə edəcək. Onlardan artıq 280 nəfəri xüsusi nəqliyyat vasitəsi ilə Lənkəran və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə yola salınıb və mövsüm boyu bu işlər davam etdiriləcək.

“2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda bu tədbirlə yanaşı, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi və sosial reabilitasiyası, onların reabilitasiya potensiallarının reallaşdırılması, sosial xidmətlərlə təminatı, sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi və s. əksini tapıb. Qeyd olunan istiqamətlərdə də müvafiq işlər aparılır