Azərbaycan üçün xaric risk faktorları da uğurla neytrallaşdırılır

31 May 2017 10:10 (UTC+04:00)

“Azərbaycanda daxili risk mənbələri mövcud deyil. Mümkün olan risklər xaricdə formalaşır. Belə olan halda biz ölkəmizi bundan sonra da həm fiziki nöqteyi-nəzərdən, eyni zamanda, düzgün siyasət aparmaqla xarici risklərdən qorumalıyıq”. 

Bunu Prezident İlham Əliyev  "Buta" sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda çıxışı zamanı deyib. Ölkə rəhbəri əlavə edib ki, biz sərhəd mühafizəsini kifayət qədər gücləndirmişik və bu istiqamətdə əlavə addımlar atılacaq: «Eyni zamanda, Azərbaycan bizə sərf etməyən, şübhə doğuran heç bir beynəlxalq hərəkətlərə, avantüralara qoşulmur. Baxmayaraq ki, müxtəlif tərəflər bizi müntəzəm olaraq bu hərəkətlərə cəlb etməyə çalışırdılar. Bu gün də belə səylər var. Ancaq Azərbaycan bizə sərf etməyən heç bir hərəkətə, təşəbbüsə qoşulmur və qoşulmayacaq”.
Politoloqların sözlərinə görə, Azərbaycanın apardığı hazırki uğurlu xarici siyasət təhlükələri neytrallaşdırmağa imkan verir. Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirdi ki, xarici risk faktorları bu gün də var, gələcəkdə də qalmaqda davam edəcək: “Çünki ölkəmiz Azərbaycanı sevməyən, hətta bəzi düşmən dövlətlərlə əhatəlidir. O baxımdan risk faktorlarının mövcud olması təbiidir. Bu risk faktorları çərçivəsində Azərbaycan elə bir xarici siyasət yürütməlidir ki, ən azından düşmənçilik mövqelərini minimuma endirə bilsin. Çünki xarici təhlükəni bütövlükdə yox etmək mümkün deyil. 
İndiki şəraitdə söhbət təkcə düşmən Ermənistan dövlətindən getmir. Söhbət həm də  Rusiya və İran kimi dövlətlərdən gedir ki, onlar daim Azərbaycanı öz əhatə dairələrində görmək istəyiblər. Rusiya keçmiş imperiya siyasəti ideyasında, İran da Azərbaycanın şiə dövləti kimi özlərinin əhatə dairəsində olmasını istəyir. Nəzərə alaq ki, İran daxilində 40 milyona yaxın Azərbaycan türkü yaşayır. Bunu İran özünə potensial təhlükə hesab etdiyi  üçün Azərbaycan dövlətini nəzarətdə saxlamaq istəyir. Ancaq münasibətlər çərçivəsinə həmin risk faktorlarını minimuma endirmək mümkündür. Əslində, hazırda yürüdülən siyasət də məhz bundan ibarətdir. Həsən Ruhani prezidentliyə gələndən sonra İran-Azərbaycan münasibətləri xeyli dərəcədə isti məcarada inkişaf edib. Prezidentlər arasındakı xoş münasibətlər də bunu ortaya qoyur. Bu münasibətləri iqtisadi yöndə inişaf etdirməklə qarşılıqlı maraqların təminatı baş verir. Bu da münasibətlərdə vacib amillərdən biridir. Eyni siyasət bu gün Rusiya ilə də yürüdülür. 
Düzdür, Rusiyanın Azərbaycandan istəyi İrandan fərqli olaraq daha böyükdür. Azərbaycanın Rusiyaya olan yumşaq siyasətinə rəğmən, Rusiyanın gizli şəkildə Azərbaycana qarşı siyasi təzyiqləri var. Ancaq Azərbaycan təzyiqlərə rəğmən, Rusiyaya münasibəti eyni cür davam etdirəcək. Azərbaycan ağırlıq mərkəzini dünyada mövcud olan hansısa gücə doğru yönəltmir. Azərbaycan regionda və qlobal səviyyədə balanslı siyasət yürütməklə, üstünlüyü nə Qərbə, nə də Rusiyaya verir. Münasibətlər sistemini elə qurub ki, çətin vəziyyətdə seçim qarşısında qalmasın. Bu gün üçün elə ən doğru siyasətlərdən biri budur. Ancaq bütün bunlara rəğmən, risk amillərindən qaçmaq mümkün deyil. Amma əgər kimlərsə öz yanlışından keçmirsə, Azərbaycan da öz doğrularından keçməməlidir. Azərbaycan doğru olduğu müddətdə ölkəmizə qarşı düşmən mövqedə qalmaq mümkün olmayacaq”.
Digər politoloq Fikrət Sadıxov bildirdi ki, xarici risk dedikdə, ölkə rəhbəri əsasən Ermənistanın işğalçı siyasətini nəzərdə tutub: “Bundan başqa, bir sıra xarici dairələrin Ermənistanı dəstəkləməsi nəzərdə tutulub. Məhz bu səbəbə görə, Dağlıq Qarabağ problemi 20 ildən artıqdır həll olunmur. Ermənilərin “başını sığallayır”, problemi həll etmək üçün heç bir şərait yaratmırlar. 
Bundan başqa, Yaxın Şərqdə yaşanan hadisələr də unudulmamalıdır. Terror qruplaşmaları aktivləşib,  İŞİD-in təhlükəsi hələ də qalmaqdadır. Nəhayət, dünyada ümumi geosiyasi qarşıdurma yaşanır. Qərblə Rusiya arasında gərginlik davam edir. Onlar arasında elan olunmamış müharibə yaşanır. Eyni zamanda Ukrayna, Moldovada gərginlik artıb. Bütün bunlar müəyyən prinsiplərə əsaslanan siyasətdir. Ancaq ölkəmizdə bu kimi problemlərdən uzaq olmaq prinsiplərinin bünövrəsi qoyulub. Bu baxımdan dünyada gedən təhlükələrdən uzağıq. Siyasətimizi elə qurmalıyıq ki, bundan sonra da təhlüəkələrlə üzləşməyək”.
Mübariz BAYRAMOV