Bayram bahalaşması indidən başlanır

16 Fevral 2013 07:22 (UTC+04:00)

Ötən aydan başlayaraq müəyyən ərzaq məhsullarının qiymətlərində bahalaşma tendensiyası müşahidə olunmağa başlayıb. Bir sıra bazarlarda meyvə və tərəvəzin, mağazalarda ərzağın bəzi növlərinin qiymətlərində artımlar var. Adətən qış fəsli meyvə və tərəvəzin elə də bol olmadığı vaxtdır.

Lakin məsələ ondadır ki, xaricdən gətirilənlər hesabına ölkəmizdə meyvə, tərəvəz və digər ərzaq məhsulları bol çeşiddədir. Belə olan halda isə qiymətlər qalxmamalıdır. Amma qarşıdan yaz bayramı yaxınlaşır. Bu ərəfədə isə əhalinin istər-istəməz bazara axını artır. Bu isə satıcılara ərzaq məhsullarının qiymətini qaldırmağa sanki bir bəhanə verir. Halbuki, Avropa ölkələrində bayram dövründə qiymətlər bizdən fərqli olaraq aşağı düşür. Proses ondan xəbər verir ki, sözügedən qiymət artımlarının bir əsası yoxdur və bu şişirdilmiş qiymətlərdir. Görəsən, bu tendensiyanın qarşısı hansı formada alına bilər?

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bəzi ərzaq məhsullarının qiymətinin qalxmasını obyektiv və subyektiv amillərlə əlaqələndirdi: "Bəzi ərzaq məhsullarının bahalaşması bir sıra amillərlə bağlıdır. Vəziyyətin belə olmasında obyektiv və subyektiv faktorların rolu vardır. Obyektiv faktor onunla bığlıdır ki, indiki an bir çox məhsulların mövsümü deyil. Mövsümü olmadığından onlar azalıb. Bu günə qədər saxlanılan kənd təsərrüfatı məhsullarını sahibkarlar saxlama xərci nəzərə alınmaqla qiymətləri qaldırmalı olurlar. Hazırda kənd təsərrüfatı məhsulu daha çox idxal olunur. Bəzi ərzaq məhsullarındakı qiymət artımının subyektiv amili isə inhisarçılıqla bağlıdır. İnhisarçılar hələ də bir sıra hallarda qiymətləri diqtə etmək gücündədirlər. Digər tərəfdən seçki ili ilə əlaqədər cari ildə əmək haqları və pensiyanın nisbətən artması gözlənilir. Bu da bəzi ərzaq məhsullarının qiymət artımında süni amillərin olduğundan xəbər verir. Ümumiyyətlə, əhalinin alıcılıq qabiliyyəti ilə bağlı əslində, ərzaq məhsullarının qiymətləri enməlidir. Qarşıdan çərşənbə və ardınca da Novruz bayramı gəlir. Bu dövrdə isə bayramlarda daha çox istifadə olunan ərzaq məhsullarının qiymətlərində bahalaşma baş verir. Belə tendensiya hər il baş verdiyindən cari ildə də bəzi ərzaq məhsullarının bahalaşması ilə anoloji halın yaşanmasının şahidi olacağıq. Zənnimcə, bayrama doğru bir çox ərzaq məhsullarının qiymətində 15-20 faizə qədər bahalaşma olacaq".

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev yarmarkalar vasitəsilə ərzaq məhsullarının qiymətinin qalxmasının qarşısını alacaqlarına söz verdi: "Hazırkı anda kartof və soğanın qiymətində müəyyən qədər ucazlaşma tendensiyası gedir. Ola bilsin meyvənin qiymətlərində müəyyən bahalaşma baş verib. Bu da meyvənin sortundan asılıdır. Qış aylarında adətən bazara ərzaq və meyvənin ehtiyatda qalanını gətirirlər. Amma bütün hallarda meyvə və tərəvəz boldur. Belədə qiymət artımı olsa da bu cüzi olar. Nazirlik olaraq qarşıdan gələn bayram ərəfəsi ərzağın, meyvə və tərəvəzin qiymətinin qalxmaması üçün yarmarkaları gücləndirəcəyik. Bu işə əsasən də paytaxtda ciddi nəzarət edəcəyik ki, yarmarkalarda qiymətlər sabit qalsın. İqtisadi İnkişaf Nazirliyinin istehlak bazarına nəzarət üzə antiinhisar qrupu ilə birgə reydlər keçirib yarmarkalarda qiymətlərin bahalaşmasına imkan verməyəcəyik".