TQDK Təhsil Nazirliyinə cavab verdi

20 Fevral 2013 15:16 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Təhsil Nazirliyinin "TQDK-nın dərsliklərlə bağlı  keçirdiyi monitorinqin yekun rəyi və bu rəy əsasında ekspert şurasının qərarı subyektiv fikirlər əsasında hazırlanıb və onların heç bir elmi-metodoloji əsası yoxdur" bəyanatına cavab verib. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Movqe.az-a bildirib ki, ötən ilin aprel ayından etibarən təmsil etdiyi quruma dərsliklərin monitorinqinin və qiymətləndirilməsinin aparılması üçün səlahiyyət verilib: "Artıq neçə aydır ki, bununla bağlı işlər aparılır. Bu müzakirələrdə yüzlərlə ölkədə fəaliyyət göstərən müəllim və ekspertlər iştirak ediblər. Onlar birbaşa Komissyada aparılan və Komissiyanın regional bölmələrində video bağlantı ilə bu müzakirələrə qoşularaq öz fikir və irad, təkliflərini Komissiyanmın saytına və xüsusi yaradılmış elektron ünvana göndəribdilər. Bütövlükdə bu ümumi işin nəticəsində ortaya çıxmış rəydir. Və həmin rəy Komissiyanın saytına da yerləşdirilib. 1-ci sinif üzrə artıq dərsliklərin monitorinqi görüdüyünüz kimi tam yekunlaşıb. Orada elə dərsliklər var ki, ciddi  neqativ hallar yoxdur, yaxudda elə dərsliklər var ki, orada aşkarlanmış nöqsanlarla dərslik müəllifləri razılaşıb. Amma söhbət azərbaycan dili və riyaziyyat dərsliklərindən gedir. Bu dərsliklərlə bağlı iradı qəbul etmirlər. Bu onların öz fikridir. Biz monitorinqin nəticələrini tam şəkildə hazırlayıb elan etmişik. Onların  bəzi ekspetləri öz fikirlərini bildiriblər.  Biz o rəyi Təhsil Nazirliyinə göndərmişik ki, onlar bu rəylərdən nəticə çıxarıb dərsliklərin növbəti çapında nəzərə alsınlar".
Xatırladaq ki, Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün 2012-ci ildə çapdan buraxılmış "Riyaziyyat" dərslik komplektinə dair TQDK-nın monitorinqinin nəticələrinə münasibətində razı olmadıqlarını bəyan etmişdilər.  TN-dən deyilib ki, ümumiyyətlə, rəy sovet dərslikləri ənənələrinə istinadən hazırlanıb: "Rəydə irəli sürülmüş əsassız iradlar kurikulumun tələblərinin  və onun tətbiqi ilə bağlı tədris metodikasının düzgün  qiymətləndirilməməsindən irəli gəlir. Bu səbəbdən də yekun rəydə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi əsasında dərsliyə gətirilmiş yeniliklər ya bütünlüklə inkar edilir, ya da səhv hesab edilir. Məsələn, sadə həndəsi anlayışların, fəza təsəvvürlərinin formalaşdırılmasına yanaşma üsulu hazırda dünyada qəbul edilən mütərəqqi metodlardan sayıldığı halda, rəydə nöqsan kimi göstərilib. Eləcə də, məlumatı toplama və təqdimetmə üçün istifadə edilən formalar Avropa ölkələrinin, ABŞ-ın dərsliklərində ən çox rast gəlinən təqdimat formaları olduğu halda, bu formalar rəyi hazırlayanlar tərəfindən qəbul edilmir. Başqa bir iradda isə müasir dünya dərsliklərində geniş istifadə edilən və şagirdlərin sayma, müqayisə, hesablama bacarıqlarını formalaşdırmaq üçün tətbiq edilən vasitə -  ədəd oxu qəbul edilmir. Qeyd edək ki, yekun rəydə 20 standartın reallaşdırılmaması ilə bağlı fikrin heç bir əsası yoxdur. Belə ki:- 7 standartın reallaşdırılması ilə bağlı irəli sürülən iradlar kurikulumun tələblərinin başa düşülməməsi ilə bağlıdır (1.1.2, 1.1,6, 1.1.8, 1.3.5, 3.2.3, 5.1.1, 5.1.2).  TQDK-nın rəyinə dair hazırladığımız cavab mətnində qeyd olunan standartların reallaşdırılmasını əhatə edən tapşırıqların dərslikdəki səhifələri və nömrələri qeyd edilib.
-13 standartın reallaşdırılması ilə bağlı iradlar isə yeni metodik yanaşmaların düzgün qiymətləndirilməməsindən və ənənəvi metodika ilə əvəz edilməsi tələbindən irəli gəlir (1.3.3., 3.2.1., 4.1.1., 4.2.4, 4.1.2, 4.2.1., 4.2.2., 4.2.3, 4.1.3, 4.2.5, 4.1.4.,4.2.5,  4.2.6).
 -1 standartın reallaşdırılması ilə bağlı iradı qismən qəbul edirik. (3.2.1. standartı üzrə müəyyən tipli tapşırıqlar yalnız Müəllim üçün metodik vəsaitdə verilmişdir.)
 "Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-pedaqoji baxımından" başlığı ilə verilmış iradlar isə "antipedaqoji", "elmi-pedaqoji cəhətdən səhv", "şagirdlərin yaş və fizioloji xüsusiyyətlərinə uyğun deyil" kimi qərəzli ifadələrdən istifadə olunmaqla tərtib edilib və heç bir arqumentə əsaslanmayan fikirlərdən ibarətdir. Bu bölmədə irəli sürülən iradlardan bəzilərini nəzərə almaq olar ki, onlar əsasən dil, üslub və xırda çap xətalarını əhatə edir.
 Bütövlükdə isə subyektiv fikirlərlə 18 səhifəyə çatdırılmış "iradlar toplusundan" cəmi 16 irad qismən və ya bütünlüklə qəbulediləndir ki, bunlar da əsasən dil-üslub və çap xətaları ilə bağlıdır".