Şimali Koreya Obamanı cəhənnəm odunda göstərib.

20 Fevral 2013 15:50 (UTC+04:00)

Şimali Koreya internetdə Koreya yarımadasının, amerikalı əsgərlərin və şəxsən prezident Barak Obamanın cəhənnəm odunda yandığını göstərən təbliğat xarakterli video görüntülər yerləşdirib. 

Primitiv şəkildə hazırlanan video onu göstərir ki, "ABŞ-ın təcavüzkar siyasətinə baxmayaraq", KXDR nüvə bombasını uğurla sınaqdan keçirə bilib. Video görüntülər əsgərlərin və ABŞ prezidentinin ekran alovunun mənbəyində yanmasının nümayişi ilə tamamlanır. Müəlliflərin sözlərinə görə, həmin alov torpağın altında gizlədilmiş nüvə qurğusundan çıxır.

Çəkilişin ən sonunda görünən sözlər bunlardır: "Xalq gözləyir, Amerika cavab verməlidir." Xalqın nəyi gözlədiyi və Amerikanın nəyə cavab verməli olduğunu  isə  video çarxdan  elə də anlamaq olmur. Məlumdur ki, keçmişdə KXDR özünü ərzaqla təmin etmək iqtidarında olmadığı üçün bütün dünyadan ( ABŞ daxil olmaqla) qida istəmək məcburiyyətində idi.