Azərbaycan silah bazarında ixracatçı ölkəyə çevrilir
21 Fevral 2013 10:10 (UTC+04:00)
Məlumdur ki, hazırda Azərbaycan Ukrayna, Rumıniya, Çin, Rusiya və
İsrail kimi ölkələrdən silah idxal edir. Amma bununla yanaşı, yeni
yaradılmış Müdafiə Sənayesi Nazirliyi də silah istehsal edir.
Həmçinin artıq istehsal edilmiş silah – sursatlardan dünya
bazarlarına da çıxarılır. Müxtəlif silah sərgilərində təqdim olunan
silahlarımız xaricilərin rəğbətini qazana bilib. Hazırda Azərbaycan
istehsalı olan hər növ güllə və xüsusən də "İstiqlal" tüfənginin
(IST-14,5 Anti-Material Rifle) ixracı baş tutub. Bunlardan başqa,
nazirlik "Zəfər" və "Zəfər-K" tapançalarının da ixracatını nəzərdə
tutur.
Nazirliyin mətbuat xidmət rəhbəri Şəfəq Kərimova "Mövqe"yə
açıqlamasında bildirdi ki, Müdafiə Sənayesi Nazirliyi tərəfindən
konkret hansı ölkələrlə hansı müqavilərin bağlandığı açıqlanmır:
"Amma xarici ölkələrlə əməkdaşlıq sahəsində yeni müqavilələr hər an
gözləniləndır. Biz də bununla bağlı hər dəfə məlumat veririk.
Hazırda isə beynəlxalq sərgilərdə nümayiş olunan silahların
arasında "İstiqlal" snayper tüfənginə daha çox maraq göstərirlər.
Bundan başqa məmulatlar da var ki, sərgilərdə nümayiş etdirilən
silahlar xarici ölkə nümayəndələrinin diqqətində olur".
Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, silah ixracının
Azərbaycan üçün böyük faydası olacaq: "Çünki, Azərbaycan, yavaş –
yavaş hərbi sənaye kompleksini inkişaf etdirir. Bununla buraxdığı
məhsullardan dünya bazarında da realizə edə, sata bilər. Bu işdə
Azərbaycana ən böyük dəstək isə Türkiyədir. Hələ bu günlərdə də
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Əbu-Dabi şəhərində Beynəlxalq
Müdafiə Sərgisi və Konfransı (IDEX) təşkil olunub. Həmin sərgidə
Azərbaycanın nümayəndə heyəti də iştirak edir. Hətta Türkiyənin
müdafiə sənaye katibi Murad Bayarın Azərbaycanın güc strukturları
nümayəndələri – DSX - nin rəhbəri, general – leytenant Elçin
Quliyev, MN - nin rəsmisi, general – mayor Qorxmaz Qarayev ilə
görüşü baş tutub. Tərəflər bir yerdə əməkdaşlıq perspektivlərini
müzakirə ediblər. Müzakirə olunan yeni layihə çərçivəsində Türkiyə
Azərbaycanla birgə işlər həyata keçirəcək. Türkiyə, İsrail və digər
ölkələrlə olan iş birliyi Azərbaycana imkan verəcək ki, bu
layihələri reallaşdırsın və bizim silahların da dünya bazarında
alıcıları olsun. Hətta Stokholm məktəbi dünyada silahlarla bağlı
sənəd ortaya qoyub. Azərbaycan sülhyaratma missiyasında iştirak
edib və edir. Buraxdığımız məhsul da təkcə Azərbaycan və Orta Asiya
ilə məhdudlaşmayacaq. Yəqin ki, başqa ölkələr də buna maraq
göstərəcəklər. Düzdür, xeyli danışıqlar var. Amma o danışıqların
hansı sonluqla nəticələnəciyini qabaqcadan demək çətindir. Bu işdə
optimistəm ki, bizim hərbi sənaye kompleksimiz gələcəkdə, ona
qoyulan böyük vəsaitlərin müəyyən hissəsini Azərbaycana qaytarmaq
iqtidarında olacaq. Bir müəddətdən sonra silah idxalına heç ehtiyac
da qalmayacaq".
Ekspertin sözlərinə görə, konkret ölkələrlə danışıqlar barəsində
məlumatlar açıqlanmasa da bir sıra ölkələrlə danışıqlar gedir:
"Danışıqlar tək Türkiyə və İsraillə məhdudlaşmır. Burda Pakistan,
Çin Ukrayna kimi ölkələr də var. Onların burada birgə hansısa
məhsulu buraxması və Ukraynada istehsal olunan məhsulların
detallarının burada hazırlanması işləri aparılır. Beləliklə bu
sahədə Azərbaycanın perspektivi böyükdür".
Hərbçi bildirir ki, xarici ölkələrin ən çox maraq dairəsində
tapançamız, "İstiqlal" tüfəngi, pilotsuz təyyarə və bütün növ
güllələr var: "Hətta bizdə pulemyotlar üçün güllələrin istehsalı da
aparılır. Hələlik güclü alıcımız olmasa da, bir sıra ölkələrdə
sınaq üçün alınıb. Əgər özünü doğruldacaqsa, yəqin, bunun sayı
artırılacaq".