Elşad Abdullayevin yaydığı yeni videoda adı hallanan Rasim İldırımzadədən xəbər var

21 Fevral 2013 11:56 (UTC+04:00)
Məlumat verildiyi kimi fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) hazırda Fransada olan sabiq rektoru Elşad Abdullayev daha bir video görüntü yayıb.

Xatırladaq ki, E. Abdullayevin yaydığı video görüntü 2004-cü ilin noyabrında qeydə alınıb.

Video görüntüdə Daxili İşlər Nazirliyinin polkovniki Rasim İldırımzadə ilə Elşad Abdullayev arasında ikincinin qardaşı Mahir Abdullayevin itkin düşməsi və geri qaytarılması ilə bağlı danışıq əksini tapıb.

R. İldırımzadə M. Abdullayevin Azərbaycanın qonşuluğundakı ölkələrdən birində olduğunu, sərbəst həyat tərzi sürdüyünü, bir neçə il ölkəyə gəlməsinin, yaxınları ilə əlaqə saxlamasının mümkünsüzlüyünü deyir. O bildirir ki, M. Abdullayevlə bağlı hadisə kriminal olay deyil, o oğurlanmayıb. Sadəcə, M. Abdullayev özü bir neçə il üzə çıxmaq, ölkəyə gəlmək istəmir və bununla bağlı özünün səbəbləri var. Amma R. İldırımzadə bu informasiyaları haradan əldə etdiyini, M. Abdullayevin harada olması, niyə ailəsi ilə əlaqə saxlamamasının səbəbi barədə məlumat vermir. O, bu sualların hamısına "özü gəlib sənə ətraflı danışacaq, sonra istəsən onu xaricə göndərərsən" deyə, cavab verir. R. İldırımzadə həm də dəfələrlə E. Abdullayevdən "son məqamda onu pərt vəziyyətdə qoymamağı" da xahiş edir.

Movqe.az-ın apardığı araşdırmaya görə Rasim İldırımzadə hal-hazırda Daxili İşlər Nazirliyində işləyir. Məsələyə hələ ki, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Lakin gözlənir ki, Daxili İşlər Nazirliyi yayılmış videogörüntü ilə bağlı geniş açıqlama ilə çıxış etsin.