Azərbaycanın mədəni irsi Gürcüstanda - Fotolar

25 Aprel 2012 16:48 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, aprelin 21-də Tiflis şəhərində Gürcüstan Azərbaycanlıları Konqresinin ofisində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təqdimatı keçirilib. Tədbiri salamlama və giriş sözü ilə Birliyin Gürcüstan üzrə təmsilçisi Elnur Əliyev açıb. MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli birliyin fəaliyyəti və nəşrləri haqqında məlumat vermiş, tədbir iştirakçılarına birliyin nəşrləri təqdim olunub.

Təqdimatın ardınca "Dünyada mənim vətənim" layihəsi çərçivəsində nəzərdə tutulan silsilə seminarlara start verilib. Dr. Fariz Xəlilli "Azərbaycanın mədəni irsi" mövzusunda məruzə edib. Seminar zamanı iştirakçı-dinləyicilərə Azərbaycanın ən qədim dövrdən müasir dövrə qədər olan mədəni irsi haqqında geniş məlumat verilib. Silsilə seminarlarda iştirak üçün müxtəlif universitetlərin fərqli ixtisaslarından 30-dan çox tələbə qeydiyyatdan keçib. Şəqrşünaslıq ixtisasının tələbələri üçün seminar xüsusi ilə maraqlı olub.

Sonda dinləyicilərin sualları cavablandırılıb, birliyin Gürcüstan təmsilçisi tələbələrə növbəti seminarlar barədə məlumat verilib.

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Toğrul Muxtarovun sözlərinə görə tələbələrə uyğun olması üçün seminarlar şənbə-bazar günlərinə təyin olunub: "Azərbaycanlıların mənəvi mədəniyyəti, azərbaycan dili, azərbaycan ədəbiyyatı, Gürcüstan-Azərbaycan münasibətləri və Gürcüstan azərbaycanlıları mövzularında seminarlar olacaq. Seminarlar gürcücə və ya gürcücəyə ardıcıl tərcümə vasitəsi ilə keçirilir."


Tural QABİLOĞLU