Üç ölkənin XİN rəhbərləri Bakıda görüşəcək

17 İyul 2017 14:38 (UTC+04:00)

18-19 iyul 2017-ci il tarixində Bakı şəhərində Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü keçiriləcək.

Bu barədə XİN-dən Movqe.az-a daxil olan məlumatda bildirilir. 

18-19 iyul 2017-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü keçiriləcək. Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.

Azərbaycan-Türkmənistan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 26 may 2014-cü ildə Bakıda keçirilib. Bunun ardınca həmin ilin 5 iyun tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti cənab Abdulla Gül və Türkmənistan Prezidenti cənab Qurbanqulu Berdimuhamedov arasında ikitərəfli və üçtərəfli formatda görüşlər keçirilib.

29 yanvar 2015-ci ildə Aşqabadda adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən 2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlığının Çərçivə Proqramı qəbul olunub.

28 avqust 2015-ci ildə Türkiyənin Antalya şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü keçirilib. Görüşün yekunlarına dair Antalya Bəyanatı qəbul olunub. Bunun ardınca 9 oktyabr 2015-ci ildə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan arasında Xəzər tranzit keçidləri üzrə birgə Texniki Komitənin birinci iclası keçirilib.