“Ruh” JMİB QHT Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı layihə üzrə sorğusunu yekunlaşdırıb

17 İyul 2017 07:30 (UTC+04:00)

“Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Sosial şəbəkələrdən faydalanmağın təbliği ilə vətəndaş cəmiyyəti quruculuğuna dəstək” layihəsi çərçivəsində sorğu keçirib. Sorğu cəmiyyətin sosial şəbəkələrdən istifadə, bu məkandan informasiya alma meyllərini müəyyənləşdirmək məqsədi daşıyıb və sözügedən layihə üzrə tədbirlərin keçirildiyi Oğuz, İmişli və Qusar rayonlarından ümumilikdə 100 respondentin fikirlərini əhatə edib.  

Sorğuda öncə respondentlər özlərinin sosial şəbəkələrdən istifadə göstəricilərini 10 ballıq şkala üzrə qiymətləndiriblər. Rəyi soruşulanların 30 faizi sosial şəbəkələrdən istifadə etmələrini 1-4 arası ballarla qiymətləndirib. 20 faiz hesab edir ki, qeyd edilən məkandan istifadələri 4-6 arası ballarla qiymətləndirilə bilər. Respondentlərin 39,4 faizi özlərinin sosial şəbəkələrə müraciət göstərisini 6-8 arası balla qiymətləndirilməsinin mümkünlüyü qənaətindədir. Rəyi soruşulanların 10,6 faizinin suala cavabından belə nəticə hasil olub ki, onlar sosial şəbəkə aktivliklərini 8-10 bal arası görürlər. 

Sorğuda respondentlərə ünvanlanan növbəti sual belə olub: “Sosial şəbəkələrdə hansı mövzudakı müzakirələri vacib sayırsınız?”. Respondentlərin 15,3 faizinin qənaətincə, sosial şəbəkələrdə hər mövzuda müzakirələrin aparılması vacibdir. 8,8 faiz bu vacibliyin qismən olduğunu vurğulayıb. 5,3 faiz isə düşünür ki, sosial şəbəkələr ümumiyyətlə müzakirə aparmaq plasdarmı deyil. Bu sual üzrə konkretliyə gəlincə, rəyi soruşulanların 20,7 faizi hərbi, 15,3 faizi siyasi, 12,7 faizi iqtisadi, 10,4 faizi dini, 7 faizi sosial, 4,5 faizi məişət mövzudakı müzakirələri zəruri hesab edib. 

Respondentlərə ünvanlanan üçüncü sual belədir: “Sosial şəbəkələrdə hansı mövzudakı müzakirələr Sizi qane etmir?” Rəyi soruşulanlardan 19 faizi bu düşüncədədir ki, sosial şəbəkərdəki istənilən mövzuda müzakirələr onu tam qane etmir. 11,1 faiz qismən qane etmir cavabını verib. 18 faiz məişət, 19 faiz siyasi, 9.1 faiz dini, 9 faiz mədəniyyət, 8 faiz sosial, 6.8 faiz isə isə hərbi mövzusundakı müzakirələrin qənaətbəxş səviyyədə olmadığı fikrindədir. 

“Sizcə, sosial şəbəkələr etibarlı informasiya məkanı sayıla bilərmi?”. Bu suala rəyi soruşulanların 47,7 faizi “deyə bilmərəm” cavabını verib. 25,9 faiz “bəli”, 26,4 faiz sualı “xeyr” deyərək cavablandırıb. 

“Sosial şəbəkələrdə (facebook, twitter və s.) yayılan hər hansı məlumat Sizə obyektiv reallığı görməkdə və qiymətləndirməkdə mane olubmu?” Suala pespondentlərin 38 faizi “bəli”, 41,2 faizi “xeyr” cavabını verib. “Deyə bilmərəm” cavabını verənlərin faiz nisbəti 20,8-dir.

“Sosial şəbəkələrdə yayılan hər hansı məlumat Sizə obyektiv reallığı daha yaxşı görməkdə və qiymətləndirməkdə kömək olubmu?” Sualı “xeyr” deyərək cavablandıranların səs faizi 43,1-dir. “Bəli“ cavabını verənlər 47 faiz təşkil edib. 9,9 faiz suala cavab verməkdə çətinlik çəkib.

Sorğuda respondentlərə ünvanlanan sonuncu sual belə olub: “Sosial şəbəkələrdə yayılmış yanlış məlumata münasibətiniz necədir? Rəyi soruşulanların 31,5 faizi belə düşünür ki, yanlışlıq  cəmiyyəti çaşdırmağa hesablanmayıbsa, dövlətin təhlükəsizliyini təhdid etmirsə mümkündür. 29.8 faiz hesab edir ki, yanlışlığın dərhal aradan qaldırılması mexanizmi olmalıdır. Rəyi soruşulanların 38,7 faizi məsələdə tam kompromissizdir. Onlar belə düşünürlər ki, yanlışlıq yolverilməz və bağışlanılmazdir.