Amerikanın tanınmış qəzetində Xocalıya dair məqalə dərc olunub

22 Fevral 2013 18:00 (UTC+04:00)

Fevralın 21-də ABŞ-ın paytaxtı Vaşinqtonda çap edilən "The Hill" qəzetində bu ölkədə yaşayan həmyerlimiz, ABŞ Azərbaycanlılar Şəbəkəsinin Direktorlar Şurasının həmtəsisçisi və üzvü Adil Bağırovun Xocalı soyqırımına həsr olunmuş geniş məqaləsi dərc olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, yazı "Xocalı faciəsi tanınmağa layiqdir" adı ilə qəzetin "Konqres" bölməsində yer alıb. Məqalədə amerikalı oxucuya 21 il əvvəl Ermənistan silahlı qüvvələrinin 613 nəfəri bir gecədə qətlə yetirdiyi soyqırım haqda ətraflı məlumat verilir və qətliam Avropada ən böyük müharibə cinayəti adlandırılır. Müəllif beynəlxalq media və insan haqları qruplarının müharibə cinayətində hadisələrin detallarını təfərrüatı ilə söyləməsinə baxmayaraq, günahkarların hələ də cəzasız qalmasından narahatlığını bildirir.

Adil Bağırov daha sonra yanvarın 26-da Ağ evin "Biz Xalqıq " veb səhifəsində yerləşdirilmiş və qısa vaxtda 125,000 imza toplamış petisiyaya diqqət çəkərək Obama Administrasiyasını Xocalı müharibə cinayətini anmağa çağırır. Müəllifin fikrincə, bir çox amillər prezident Obamanı bu addımı atmağa sövq etməlidir: Azərbaycan uzun müddətdir Kosovo, İraq və Əfqanıstanda ABŞ-la çiyin-çiyinə xidmət edir və bu ölkə strateji, eləcə də coğrafi-iqtisadi əhəmiyyətli ərazidir. Bundan başqa, Çex Respublikası, Almaniya, Pakistan, Kolumbiya və Meksika rəsmi olaraq Xocalı faciəsini anmış və qəbul etmişdir. ABŞ-in 8 ştatı da 2010 cu ildən bəri Xocalı soyqrımını tanımış və ildönümünü qeyd etmişdir.

Məqalə müəllifi Adil Bağırov hesab edir ki, bütün bunlar Xocalını uzaq torpaqda qaranlıq hadisə kimi deyil, məhz böyük bir müharibə cinayətinin ədalət, tədqiqat və yekun nəticə tələb etdiyini göstərir.

Qeyd edək ki, "The Hill" qəzeti Kapitolidə ən çox tirajla yayılan qəzet kimi tanınır. Qəzetin internet səhifəsi və konkret siyası, strateji məsələlərə həsr olunan 11 bloqu var.