Prokuror 6 tələbənin ölümünə səbəb olan sürücüyə cəza istədi

1 Avqust 2017 15:47 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Movqe.az APA-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 5 il sürücülük hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum olunmasını, eyni zamanda zərərçəkənlərin mülki iddialarının təmin edilməsini istəyib.
 
Qeyd edək ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub.
 
Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.