Azərbaycana tuşlanan erməni raketləri anındaca zərərsizləşdiriləcək

30 Noyabr 2011 13:58 (UTC+04:00)
ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən IMINIT& Analyses hərbi nəşri bu günlərdə maraqlı bir informasiya ilə çıxış edib. Onlar peyk vasitəsilə erməni tərəfinin HHM Sistemi ilə bağlı çəkilmiş fotoları təhlil edərək, erməni "SKAD" raketlərini Bakının neft strukturlarına təhlükə kimi dəyərləndirib. Bundan başqa, tərəflərin zirehli texnikasını təhlil edən nəşr Azərbaycanın 300-400, Ermənistanın isə 160 tanka malik olduğunu, daha 300 zirehli texnikanın Dağlıq Qarabağda yerləşdiyni bildirir. Bu sahədə nəşrin təhlilinə əsasən balansın olduğu gözə çarpır.

Zirehli transportyorlar,yüngül tanklar və döyüş maşınları Azərbaycanda daha çoxdur. Ölkəmizin hərbi üstünlüyü təkcə ordunun sayı ilə deyil, müasir artileriya sistemində də üzə çıxır. Belə ki, Rusiyadan "Dağlıq Qarabağı boşaltmağa qadir olan" "Smerç" sistemi alınıb. Azərbaycan 180 ədəd D-30 və 34 ədəd D-20, Ermənistan isə 90 ədəd D-20 və 34 ədəd D-30 tipli top alıb. Həmçinin Azərbaycanın Hərbi Hava Qüvvələri Dağlıq Qarabağdakı köhnəlmiş Hava Hücumundan Müdafiə sistemini məhv etməyə qadirdir. Bizdə Miq-29 qırıcı təyyarələri 30 ədəd, SU-24 bombardımançısı 8, SU-25 qırıcısı isə 30 ədəddir. Sözügedən nəşrin açıqlamasına görə isə, erməni "SKAD" raketləri Bakının neft strukturlarını və neft kəmərini təhlükə altına qoya bilər. Maraqlıdır, hərbi əməliyyatlar bərpa olunsa, onlar bu risqə gedə bilərmi? Biz necə, onları zərərləşdirə bilərikmi?

Hərbi ekspert Cəsur Sümərinli Ermənistanın müharibə başlayarsa, belə bir niyyətə düşə biləcəyini istisna etmədi. Lakin eyni zamanda bildirdi ki, Azərbaycan tərəfi də düşmənin bu niyyətini dəf etməyə tam şəkildə qadirdir: "Bu məsələlər ciddi şəkildə araşdırılmalıdır. Müharibə çox amansız prosesdir. Tərəflər qələbə əldə etmək üçün maksimum addımlara gedə bilər. Ermənilərin "Skad" raketlərilə neft mədənlərini vurması ehtimalının nə dərəcədə real olub-olmadığını nəzərə almalıyıq. Bir sıra ekspertlər güman edir ki, Azərbaycanla Ermənistan arasında sadəcə olaraq, Qarabağ və sərhədyanı bölgələri əhatə edən lokal xarakterli müharibə ola bilər.

Amma onu da nəzərə alaq ki, hərbi əməliyyatın başlanması anında onun genişlənməsi perspektivi daha çoxdur. Proses ölkənin digər ərazilərinə də nüfuz edə bilər. Xüsusilə də, tərəflər bir-birini sıradan çıxarmaq üçün paytaxtdakı starateji obyektləri, neft kəmərlərini hədəfə almaq barədə düşünər. Hər bir ölkə müharibəyə hazırlıq prosesində bu kimi məsələləri də nəzərə alır. Bu çox mühüm prosesdir. Amma bir sıra proseslərlə bağlı olaraq, Ermənistan tərəfi bu addıma getməyə də bilər. Azərbaycan tərəfi gözlənilən müharibədə Ermənistanı sözügedən addımdan çəkindirə bilər. Bu da əsasən Azərbayanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının gücü ilə bağlı məsələdir. Bütün beynəlxalq araşdırmalarda etiraf edilir ki, bu mənada ölkəmiz çox güclüdür. Pilotsuz təyyalərə vasitəsilə məlumat əldə edilməsi və preventiv zərbə endirilməsi sahəsində ölkəmizin imkanları daha genişdir. Ehtimal edirəm ki, müharibə başlayarsa, Azərbaycan tərəfi bu məsələni xüsusi diqqətə alacaq və Ermənistanın sözügedən addımlarını zərərləşdirmək istiqamətində xüsusi addımlar atılacaq. Düşünürəm ki, Azərbaycan tərəfi döyüş planlarında bu amilə üstünlük verəcək. Ermənistan Azərbaycanın hərbi sahədə üstünlüyündən çəkinərək müharibə başladıqda, həlledici zərbə vurmaq niyyətinə düşə bilər. Azərbaycan tərəfi də sözsüz ki, ehtiyatlı olacaq və ilk andaca mütləq şəkildə düşmənin əsas gücünün zərərsizləşdirilməsi strategiyası ortaya qoyulacaq".