İnternetklublarda, evlərdə uşaqların internet təhlükəsizliyi problemi həll edilməlidir
26 Fevral 2013 13:35 (UTC+04:00)
"İnternet klublarda, evlərdə uşaqların internet təhlükəsizliyi
problemi var. Bu gün orta məktəblər internetləşdirilsə də uşaqların
zərərli informasiya almaq imkanı 1 faizdir. İnternet klublarda,
evlərdə isə, uşaqların zərərli informasiya almasına heç bir əngəl
yoxdur. Genişzolaqlı internetin yaxın gələcəkdə ölkəni əhatə
edəcəyini nəzərə alsaq, bu problem artıq regionlarda da
aktuallaşacaq. Ona görə də biz bu məsələ ilə bağlı Ailə, Qadın
və Problemləri üzrə Dövlət Komitəsi ilə də müzakirə
aparmışıq".
Bu sözləri Movqe.az-a açıqlamasında "Multimedia" İnformasiya
Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan
İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə
görə, artıq inkişaf etmiş ölkələr bu problemi demək olar ki, həll
ediblər: "Bizdə isə bu problem ancaq təhsil sektorunda həll edilib.
Digər sahələrdə süzgəcdən keçmiş internetdən demək olar ki,
istifadə edilmir. Uşaqların internet klublarda, evlərdə zərərli
informasiya almaq imkanı məhdudlaşdırılmadığından bu təhlükə bu gün
də var".
O. Gündüz deyir ki, internet klunblara ancaq süzgəcdən keçmiş
internetin verilməsi barədə qərarın qəbulu yolverilməzdir: "Çünki,
kompyuterlərdə zərərli informasiyaların açılmaması üçün yüklənilən
proqramlar axtarış aparılarkən lazımi informasiyaların çıxmasının
qarşısını ala bilər. Həmçinin senzuraya səbəb ola bilər. Ona görə
də, belə bir qərar qəbul etmək olar ki, internet klublarda zərərli
informasiyanı məhdudlaşdıran proqram yüklənmiş kompyuterlər olsun
və həmin kompyuterlərdən ancaq uşaqlar istifadə etsin".
O. Gündüz deyir ki, bu gün istənilən evdə valideyn
kompyuterdə müəyyən əməliyyatlar aparmaqla uşaqlar üçün zərərli
informasiyaların açılmamasına nail ola bilər. Formun prezidenti
Rusiya və digər ölkələrdə süzgəcdən keçən internet təklif edən
provayderlərin də olduğunu söyləyir. Onun dediyinə görə,
bütün provayderlərə ancaq süzgəcdən keçirilmiş internet satmaq kimi
qadağa qoymaq olmaz: "Amma belə xidmət təklif edən provayderlər
yaradıla bilər ki, uşaqların internet təhlükəsizliyi təmin olunsun.
Bu provayderin xidmətindən istifadə etmək isə könüllü ola bilər.
Hansısa valideyn istəyir ki, uşağı zərərli informasiyaları əldə
etməsin, bu provayderin xidmətindən istifadə edə bilər".
O. Gündüz bu gün mobil operatorların da, bu xidməti göstərmək
imkanının olduğunu bildirdi. Onun sözlərinə görə, nə qədər ki,
mobil operatorlar süzgəcdən keçmiş internet paket təqdim etmirlər,
ona qədər valideyn evindəki kompyuterdə zərərli informasiyaların
açılmasını əngəlləyə bilər: "Uşağın mobil telefonla bu imkanı əldə
etməməsini isə ona internetə çıxış imkanları olmayan mobil telefon
almaqla valideyn həll edə bilər".
Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin İnformasiya
cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev deyir
ki,bir qədər əvvəl provayderlərdən bəziləri süzgəcdən keçmiş
internet xidməti təklifi ilə çıxış etsələr də, hələki onlardan
səs-soraq yoxdur. İ. Əliyev bu gün valideynlərin uşaqlarının
internet təhlükəsizliyini təmin etmək üçün ancaq bir imkanının
olduğunu bildirir: "İstənilən valideyn evindəki kompyuterə
proqramlar yükləməklə zərərli informasiyaların açılmasının
qarşısını ala bilər. İnternet klublarda isə bunu tənzimləmək mümkün
deyil. Çünki, provayderlər süzgəcdən keçirilmiş internet təklif
etmirlər. Bu xidməti göstərmək üçün mütləq şəbəkələrini
gücləndiməlidirlər. Həmçinin də bunun üçün tələb-təklif üst-üstə
düşməlidir".Azərbaycanda belə bir xidmət olmasa da, Rusiyada və
digər ölkələrdə təmiz internet xidməti əhalinin ixtiyarına verilib.
Qonşu İranda isə süzgəcdən keçirilmiş internetə artıq "Halal
internet" adı verilib.