Qədim romalıların kütləvi zəhərlənməsinin SƏBƏBİ İNDİ BƏLLİ OLDU

15 Yanvar 2018 12:28 (UTC+04:00)

Fransadan və ABŞ-dan olan tədqiqatçılar qrupu qədim romalıların qurğuşundan borular hazırlamaları ilə bağlı bir sıra sübutlar əldə ediblər.

Movqe.az bildirir ki, alimlərin rəyi "Proceedings of the National Academy of Sciences" jurnalında dərc edilib. Bu barədə Phys.org saytında məlumat yayılıb.

Romalılar insanların çox yaşadığı məntəqələrə suyun verilməsi üçün əsasən su kanalları (akveduklar) tikirdilər. Eyni zamanda, onlar yağış sularının uzaqlaşdırılması üçün su kəmərləri düzəldirdilər. Kəmərlərin yaradılması üçün adətən ağac və ya terrakot gilindən istifadə olunurdu. Amma alimlər tapıntısı başqa məqamların üstünü açıb. Sən demə, tikinti işlərində qurğuşunda da istifadə edilib.

Tədqiqatçılar qədim romalıların yaşadığı Ostiya və Portus şəhərlərinin 177 məntəqəsindən götürülmüş nümunələri təhlil ediblər. Məlum olub ki, qurğuşunun konsentrasiyası bizim eradan əvvəl 200-cü ildə normadan kifayət qədər artıq olub. Bu onu göstərir ki, qurğuşun boruları suyun çirklənməsinin mənbəyi idi. Qədim Roma sakinlərinin, ehtimal ki, xroniki zəhərlənmələrinin əsas səbəblərindən biri də məhz bu faktordur. (publika.az)