LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

28 Fevral 2013 08:00 (UTC+04:00)

Azərbaycan regionlarında böyük iqtisadi potensialın cəmləşməsi və onlardan get-gedə daha səmərəli və məqsədyönlü şəkildə istifadə edilməsi bu gün bölgələrin sürətli tərəqqisində mühüm rol oynayan əsas amillərdən birinə çevrilib. Bunun real nümunəsini Astara rayonunun timsalında da görmək olar.

Bütün ölkədə olduğu kimi 2012-ci ildə Astarada da sosial-iqtisadi inkişaf sahəsində uğurlu nəticələr qazanılıb. Dinamik inkişafı şərtləndirən əsas səbəblərdən biri də digər rayonlar kimi Prezident İlham Əliyevin Astaraya xüsusi diqqət və qayğısıdır. Ötən ilin martında rayonad olarkən dövlət başçısı Astara Olimpiya İdman Kompleksinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasının, yenidən qurulmuş rayon Mərkəzi Xəstəxanasının, Kijəbə-Ojakəran, Kijəbə-Qəcimardə avtomobil yolunun açılışında iştirak edib.

Ölkə rəhbərinin Astara rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı ardıcıl imzaladığı Sərəncamlar bir sıra mühüm infrastruktur layihələrinin yerinə yetirilməsi, həmçinin ən müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi, Gənclər evi və digər sosial yönümlü obyektlərin inşa edilməsi, yeni yolların çəkilməsi, genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə imkan yaradıb. Prezidentin 27 dekabr 2012-ci tarixdə rayonun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi barədə imzaladığı Sərəncam bir daha göstərdi ki, Astara rayonunun inkişafı ölkə rəhbərinin qayğısı ilə əhatə olunub.

Onu da bildirək ki, 2012-ci ildə rayonun yerli gəlirləri 2 milyon 296 min manata qarşı 3 milyon 164 min manat, yerli xərclər isə 16 milyon 352 min manata qarşı 15 milyon 900 min manat icra olunub. Rayonda inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 23 milyon 125 min manat məbləğində vəsait yönəldilib, tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi 21 milyon manat olub. Əsas kapitala yönəldilmiş investisiyanın hamısını daxili investisiyalar təşkil edir.

Heydər Əliyev prospektində 5 və Azərbaycan küçəsində 7 ictimai yaşayış binasının fasadı müasir formada əsaslı təmir edilib, 10 ictimai yaşayış binasının zirzəmilərindən çirkab suları təmizlənib, sıradan çıxmış kanalizasiya və su xətləri dəyişdirilərək yenisi ilə əvəz edilib. 14 ictimai yaşayış binasının və Tarix Diyarşünaslıq muzeyinin dam örtüyü tamamilə dəyişdirilib. Heydər Əliyev Parkı genişləndirilib, orada fəvvarə quraşdırılıb, yeni oturacaqlar qoyulub. Parkın ərazisində olan bütün binalarda təmir işləri aparılıb, fasadları müasir memarlıq üslubunda qurulub. Şəhərin küçə və meydanlarında yeni işıqlandırma sistemi quraşdırılıb.

Heydər Əliyev prospektinin girişində genişləndirmə işləri aparılıb, yolun hər iki tərəfində yeni hasarlar hörülüb, müxtəlif üzlüklər çəkilib. Prospektdə Astara Vergi Terminalı üçün inzibati binanın tikintisi başa çatdırılıb. Şəhərin Nizami küçəsində dəniz sahilindən yeni yol çəkilib. Hazırda ağırtonajlı maşınlar şəhərin əsas küçələrinə daxil olmadan yeni salınmış yolla hərəkət edirlər.

Şəhər daxilində 1500 metr, şəhər ətrafı 5 min metr suötürücü kanalların dərinləşdirilməsi, təmizlənməsi və bərpası ilə əlaqədar tədbirlər həyata keçirilib. Şəhərin Giləkəran hissəsində, Kaverin küçəsində və Suparibağ ərazisində suötürücü kanallarda dərinləşdirmə və tullantılardan təmizlənmə işləri aparılıb. Bütün bunlar əhalinin sel-sularından qorunmasına kömək edir. Lovayın su anbarının əsaslı təmiri, Pensər və Astara çaylarında sahilbərkitmə işləri davam etdirilir.

Tikinti-quruculuq, abadlıq işləri qəsəbə və kəndləri də əhatə edir. İlk növbədə, rayonun giriş qapısı meydanı yeni dizaynda qurulub, tərtibat işləri aparılıb. Dövlət Proqramının icrası ilə əlaqədar Astara şəhər 7 saylı və Toradi kənd məktəbləri üçün yeni binalar tikilib istifadəyə verilib, şəhər 2 saylı uşaq bağçası əsaslı təmir edilib. Şuvi, Vaqo, Siyaku, Hamoşam, Suparibağ, Telman, Sağlazüzə, Asxanakəran, Motlayataq və Rudəkənar kəndlərində məktəb binalarının tikintisi davam etdirilir.

Əhalinin işlə təmin edilməsi sahəsində mühüm nailiyyətlər əldə edilib və son səkkiz ildə rayon üzrə 5354 iş yeri açılıb. Bunun da 5039-u daimi iş yeri olub. 2012-ci ildə isə 463 daimi iş yeri açılıb. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq 2012-ci ildə buğda əkininə və məhsul istehsalında sərf olunan yanacaq və motor yağlarına görə 846 nəfər fermer və fiziki şəxsə ümumilikdə 85 min 600 manat, əlavə olaraq buğda və çəltik istehsalçılarına 8 min 442 manat subsidiya ödənilib.

Rayonda çəltikçiliyin inkişafına göstərilən diqqətin nəticəsidir ki, ötən il 5600 ton məhsul istehsal olunub. Rayonda sahibkarlığın inkişafına daim diqqət və qayğı göstərilir. Sahibkarlığa mane olan lüzumsuz müdaxilələrin qarşısının alınması və yeni biznes layihələrinin həyata keçirilməsində onlara yaxından köməklik göstərilməsi üçün tədbirlər həyata keçirilir.

2004-2012-ci illərdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 51 sahibkara 2,3 milyon manat güzəştli kredit verilib. Rayonda çayçılığın inkişaf etdirilməsi məqsədi ilə 110 hektar yeni çay plantasiyası salınıb. İlk dəfə olaraq iş adamı tərəfindən şəhərin mərkəzində 9 mərtəbəli yaşayış binasının tikintisi sakinlərimizin böyük sevincinə səbəb olub. Astara Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 50 hektar sahədə meşə bərpası tədbirləri görülüb, yeni şitillik sahələri salınıb, tingliklər yaradılıb.

Hesabat dövründə rayonda təbii qazdan istifadə edənlərin sayı 943 abonent artaraq ümumilikdə 11 min 544 abonentə çatıb. İl ərzində rayonun Şovaş və Siyatük kəndlərinə yeni qaz xətləri çəkilib, 250 abonentə təbii qazın verilməsi təmin edilib. Astara şəhəri, Kijəbə və Ərçivan qəsəbələrində qaz xətləri tamamilə dəyişdirilərək yenisi ilə əvəz olunur. Sərək, Şüvi, Səlivə, Deqədi, Vəznəş, Şahağacı, Şiyəkəran, Telman və Kolatan kəndlərinə təbii qazın çəkilişi davam etdirilir. Hesabat ili rayon təhsili üçün uğurlu olub və əvvəlki illərlə müqayisədə inkişafa nail olunub. 2012-ci il ərzində rayon sakinləri və səhiyyə işçiləri üçün ən əlamətdar hadisə Prezident İlham Əliyevin rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra açılışında iştirak etməsi və poliklinika şöbəsinin yenidən qurulması məqsədilə vəsaitin ayrılması barədə sərəncam imzalaması olub. Hazırda poliklinika şöbəsində təmir işləri başa çatmaq üzrədir. Bütün bunlar səhiyyə xidməti sahəsində əhaliyə göstərilən ən yüksək qayğının nəticəsidir.

Hesabat ilində turizmin inkişafı ilə əlaqədar Xəzər dənizinin sahilində müasir tələblərə cavab verən bir neçə turizm istirahət mərkəzi istifadəyə verilib. Bu da rayona əvvəlki illərə nisbətən turist axının çoxalmasına səbəb olub. Gənclərimizin idmana marağını artırmaq məqsədilə, Olimpiya İdman Kompleksində ardıcıl olaraq müxtəlif idman növləri üzrə rayon və respublika əhəmiyyətli turnirlər keçirilir.

Hesabat dövründə Ərçivan, Tüləgüvan, Ojakəran, Şahağacı, Pəlikəş, Asxanakəran və Hamoşam bələdiyyələrinin yerli əhəmiyyətli məsələlərin həllində ərazi nümayəndəlikləri ilə qarşılıqlı əlaqəli fəaliyyəti qənaətbəxş olub. Ərçivan çayının lildən və tullantılardan təmizlənərək genişləndirilməsi, Tüləgüvan-Şəmətük kəndlərini birləşdirən yeni körpünün salınması, Pəlikəş-Dolu-Şəvqo kəndlərinə yeni avtomobil yolunun çəkilişi, Burzubənd-Pəlikəş və Asxanakəran-Hamoşam yolunun təmiri vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanıb.

Hesabat ilində rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın iclaslarında 32 məsələ müzakirə olunmuşdur. Müzakirə edilən məsələlər Azərbaycan Respublikasının qanunlarının, Prezidentin fərman və sərəncamlarının yerlərdə icrası vəziyyəti, rayonun sosial-iqtisadi inkişafı, ictimai-siyasi vəziyyəti, təhsil, səhiyyə, mədəniyyət sahəsində görülən işlər, enerji haqlarının yığılması, vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması, digər problemlərin həlli ilə bağlı olub.

Hesabat ilində rayon icra hakimiyyətinin təsdiq etdiyi qrafik əsasında şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə 2012-ci ildə görülmüş işlər və 2013-cü ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncaqları keçirilib. Bu yığıncaqlarda vətəndaşların rəy və təklifləri dinlənilib, qaldırılan məsələlər nəzarətə götürülüb, həlli üçün lazımi tədbirlər həyata keçirilib. Qaldırılan məsələlər əsasən kənd ara yollarının asfaltlaşdırılması, kəndlərin qazlaşdırılması, yeni iş yerlərinin açılması, elektrik xətlərinin və dirəklərinin dəyişdirilməsi, məktəb və körpülərin tikintisi, mənzil və torpaq tələbi, əhalinin sosial müdafiəsi, sahibkarlığın inkişafı və sair barədə olub. Yerlərdə həlli mümkün məsələlər barədə verilmiş təkliflərlə əlaqədar müvafiq tədbirlər müəyyənləşdirilib, qaldırılan digər mühüm problemlər isə ümumiləşdirilərək aidiyyəti təşkilatlara göndərilib. Astara şəhərində abadlıq işlərinin və rayonda qazlaşdırmanın başa çatdırılması, mövcud elektrik təsərrüfatının yenidən qurulması, şəhərdə kanalizasiya sisteminin qurulması, mərkəzləşdirilmiş istilik sisteminin yaradılması, şəhər, qəsəbə və kəndlərimizə yeni içməli su xəttinin çəkilməsi, şəhərdaxili və kəndarası yolların əsaslı təmiri, asfaltlaşdırılması, sahilbərkitmə işlərinin aparılması, körpülərin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi və digər məsələlərin 2013-cü ildə həll edilməsi üçün zəruri addımlar atılır.

Elhən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.