Qarabağda yeni müharibə xəbərdarlığı

1 Mart 2013 07:17 (UTC+04:00)

Yaxın tezlikdə Qarabağ münaqişəsinin həllində danışıqlar yolu ilə hansısa irəliləyiş olmasa, müharibə qaçılmaz olacaq. Belə bir açıqlama ilə çıxış edən əcnəbi ekspertlərin sayı artmaqdadır.

Ceymstaun Fondunun nümayəndəsi Vladimir Sokor da bildirir ki, danışıqlarda irəliləyişin olmaması müharibə ssnerisini tətikləyən faktor kimi çızış edir. Müharibənin isə artıq elə də uzaqda olmadığı. Hətta cari il ərzində başlaması belə istisna edilmir.

Rusiyalı siyasi ekspert, Regional Problemlər İnstitutunun baş direktoru Dmitri Juravlyov isə qeyd edir ki, Cənubi Qafqazda müharibənin başlanması an məsələsidir: "Çünki bütün yollar dalana dirənib. Siyasilər də belə problemləri çox zaman hərb yolu ilə həll etməyi sevirlər. Ona görə də, Dağlıq Qarabağda müharibə təhlükəsi çox yaxındadır".

Amerikanın məşhur "National interest" jurnalı da bu günlərəd belə bir xəbərdarlıqla çıxış etmişdi ki, Dağlıq Qarabağ münaqişəsi yeni müharibə mərhələsinə qədəm qoyub. Bildirilirdi ki, həmsədr ölkələr bütün səylərini həll variantı axtarmağa yönəltsə də, nəticə yoxdur: "Məsələnin daha ciddi tərəfi münaqişə tərəflərinin vasitəçilər olmadan bir araya gələ bilməməsidir. Hadisələrin gedişi göstərir ki, Azərbaycan və Ermənistan tərəfi heç vaxt təkbətək danışıqlar masası arxasında oturmayacaq. Bu dalana dirənmiş vəziyyət son illər daha da kəskinləşib. Müharibə ərəfəsi vəziyyəti xatırladır".

Azərbaycan tərəfi isə düşməni yerində oturtmaq üçün lazımi gücə və orduya malikdir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu qeyd edir ki, Ermənistan 20 ildir işğal altında saxladığı torpaqlardan tezliklə getməlidir: "Bir gün gələcək ki, Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi ordunu silib süpürəcəyik".

E.Sabiroğlu işğalçı dövlətin havadarları ilə iş birliyinə də toxunub: "Ermənistan çox da iftixar etməsin ki, özü təklikdə torpaqları işğal edib. Bu, əsla belə deyil. İşğalçı ölkənin havadarları onlara maksimum kömək ediblər. Azərbaycanın Silahlı Qüvvələri dövlətini, millətini qorumaq üçün kifayət qədər gücə malikdir".

Həmsədr ölkələr isə bir nəticə əldə etməsələr də, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərin artrmasının tərəfdarıdır. Frasnalı senator Natali Qule isə hətta deyib ki, suriyalı ermənilərin Dağlıq Qarabağa köçürülməsi pislənməlidir. Çünki bu, beynəlxalq humanitar hüquqa və 4-cü Cenevrə Konvensiyasına ziddir. Bölgədə demoqrafik tarazlığı süni şəkildə pozmağa yönəlmiş bu cür addımlar bir daha Ermənistanın destruktiv mövqeyini ortaya qoyur: "Bununla Ermənistan təkcə bütün beynəlxalq təşkilatlar tərəfindən tanınmış Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini davam etdirmək deyil, eyni zamanda Minsk qrupunun iştirak etdiyi və dalana dirənmiş danışıqlar prosesilə yaddaqalan bu mürəkkəb vəziyyəti uzatmaq niyyətini nümayiş etdirir". Natali Qule bəyan edib ki, işğalçı ölkənin Xocalı aeroportu ilə qanunsuz uçuşlar həyata keçirəcəyinə dair bəyanatları Minsk qrupu tərəfindən aparılan sülh prosesinə zərbə olmaqla, hazırki status-kvoya da bir həmlədir. Fransa bu məsələni diqqətdə saxlamalıdır: "Frasna həmsədr kimi heç vaxt qonadrama Dağlıq Qarabağ rejimini tanımayıb. Bundan başqa, bölgədə geopolitik vəziyyət də çox həssasdır. Ermənistan tam olaraq Rusiyanın nəzarətindədir. Moskva Gürcüstanı da nəzarət altına almaq istəyir. Bu baxımdan bu regionda bizim üçün etibarlı ola biləcək yeganə ölkə - Azərbaycandır" Birləşmiş Ştatlar isə münaqişə tərəflərini sülh danışıqlarını davam etdirməyə çağırıb.

Rusiya isə özünü aktiv vasitəçi kimi göstərsə də, reallıqda status-kvonun saxlanmasına daha çox üstünlük verir.